Siyasət 10:05 03.12.2020

İsraildə böhran, yoxsa Baydenə görə siyasi dizayn (ŞƏRH)

"Baydenin qələbəsindən sonra regionda və qlobal miqyasda kartlar yenidən paylanır”.

Qaynarinfo xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli İsraildə yaşanan siyasi böhranı şərh edərkən bildirib.
 


Onun sözlərinə görə, yeni seçki keçirilsə, Netanyahunun müxalifləri Knessetdə çoxluq əldə edəcək.

"Dekabrın 2-də Knesset özünü buraxmaq haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib. Daha 3 oxunuş olmalıdır və hamısında eyni nəticə çıxsa, erkən seçki təyin olunacaq. Bu halda, ölkə son 2 il ərzində 4-cü dəfə seçkilərə getmiş olacaq.

Özünüburaxma barədə layihəyə koalisiya hökumətinin ortağı olan "Kaxol-Lavan” (Mavi-Bəyaz) bloku da səs verib. "Likud” və "Kaxol-Lavan”arasındakı koalisiya anlaşmasına görə, baş nazir vəzifəsini rotasiya qaydasında əvvəlcə 18 ay Benyamin Netanyahu, sonra eyni müddət Benyamin (Benni) Qantsz tutmalıdır. Qantsz hazırda müdafiə naziridir. O, İsrail ordusunun (TSAXAL) Baş Qərargah rəisi, ondan əvvəl Quru Qoşunlarının və "Tsanxanim” xüsusi təyinatlılarının (202 də adlandırılır) komandanı olub. ("Tsanxanim” briqadası Entebbe, Beyrut hava limanına reyd kimi məşhur əməliyyatlarda yer alıb.)
"Likud” və "Kaxol-Lavan” arasında ciddi ideoloji uyğunsuzluq var və onlar çox çətinliklə razılığa gəlmişdilər. "Likud” radikal sağçı, "Kaxol-Lavan” isə sol mərkəzçidir. Bu antaqonist qüvvələrin anlaşmasında Tramp faktorunun rolu var idi, indi də yolların ayrılmasında Bayden amili rol oynayır. Netanyahu və onun partiyası Tramp və respublikaçılarla, Gantsz və onun bloku isə demokratlarla ideoloji yaxınlığa malikdir. Demokratların "Bibi”yə qarşı ciddi allergiyası var və İsrailin başında daha məqbul partnyor görmək istəyirlər. Netanyahunun İordan çayının qərb sahilini ilhaq planı da demokratlarda qıcıq doğurur. "Kaxol-Lavan” isə hazırkı mərhələdə bu plana qarşı çıxır və daha mötədil mövqe tutur.

Güman olunur ki, yeni seçki keçirilsə, Netanyahu müxalifləri Knessetdə çoxluq əldə edəcək.

Baydenin qələbəsindən sonra regionda və qlobal miqyasda kartlar yenidən paylanır”.

Orxan Əhmədli