Ölkə 23:04 15.05.2021

“İstəyərdim ki, Prezident festivalda geydiyi gödəkcəsini mənə hədiyyə etsin...”

"Bu yaşımda işğaldan azad edilən torpaqlarımızı mənə hədiyyə edən şəhidlərimizə, qazilərimizə, müzəffər ordumuza və Ali Baş Komandanımıza təşəkkür edirəm”

Qaynarinfo xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında bu gün doğum gününü qeyd edən Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib:

"Bu gün 77 yaşım tamam olur. Bu yaşımda işğaldan azad edilən torpaqlarımızı mənə hədiyyə edən şəhidlərimizə, qazilərimizə, müzəffər ordumuza və Ali Baş Komandanımıza təşəkkür edirəm. Möhtərəm Prezidentimiz cəsarət nümayiş etdirib milləti səfərbər etdi və torpaqlarımız işğaldan azad edildi. Ölkə başçısına bir də ona görə təşəkkür edirəm ki, illərdir erməni yalanlarıyla bağlı apardığım mübarizəmə dəstək verdi. Onun dediyi sözlər ürəyimdən "tikan çıxardı”. Mən erməni yalanlarıyla bağlı məsələləri "Qan yaddaşı” kitabımda çapa hazırlayıram. Dövlət adamlarımızdan xahiş edirəm ki, "erməni xalqı” sözü işlətməsinlər, günahdı. Onlar xalq deyil, "hay” tayfasıdır. Ermənista adlı dövlət yoxdu, heç vaxt olmayıb. "Qondarma Ermənistan dövləti” adlandırsınlar. Bu gün ermənilərin əli hər yerdən üzülüb. Ermənilər Türk dünyasına qarşı hər yerdə ideoloji mübarizəyə başlayıblar. Çox dəhşətli yazılar yazıb, dünyanı aldada-aldada gedirlər. Bizim alimlərimizin, deputatlarımızın yazıları başqa dillərə tərcümə edilmir. Niyə bunu etmirlər? Hamısı Biləcəriyə qədər qəhrəman olub”. 

Xalq artisti korrupsioner məmurlara da səslənib və onları ideoloji mübarizəyə qoşulmağa dəvət edib:

"Ölkəmizi çapıb-talayan məmurlara qarğış edirəm, Allah bəlalarını versin. Artıq yetər, nə qədər dövlətin puluyla uşaqlarını Avropaya göndərəcəklər?! Amma ermənilər diliylə-dişiylə pul qazanıb ideoloji mübarizəyə kömək edirlər. Bizimkilər isə pulu baldırı açıq qızlara xərcləyirlər. Bununla həm pulumuzu oğurlayırlar, həm də mənəviyyatımıza xəyanət edirlər”. 

Xalq artisti mübarizəyə qoşulan insanları səmimi olmağa səsləyib:

"Cənab Prezidentə təşəkkür edirəm, çünki mayın 7-də mənə prezident təqaüdü təyin etdi. Amma mənim üçün ən böyük hədiyyə Şuşada keçirilən "Xarıbülbül” festivalı idi. Azərbaycanda yaşayan etnik qrupların ora dəvət olunması, onlar üçün xüsusi geyimlər hazırlanması və bir də Xankəndinin başının üstündə olan atəşfəşanlıq mənə ləzzət elədi. Artıq dünyada bütün ermənilər bizə xəyanət etmək üçün səfərbər olublar. Bu gün prezidentin yanında şəkil çəkdirənlər indiyə kimi erməni xəyanətiylə bağlı məsələlərə cavab verməyiblər. Moskavada işləyən yoldaşlar ermənilər dünyanı dağıdanda bir söz demir, amma gəlib Şuşada oxuyur. Ölkə başçısına kömək edib, ideoloji təxribatlara sinə gərmək lazımdı. 

Bir daha Cənab Prezidentə və Mehriban xanıma təşəkkür edirəm. O adamlar efirə çıxıb ideologiyadan danışmalıdır ki, ortada konkret əməli, fəaliyyəti olsun. Çox xoşbəxtdəm ki, ölmədim Şuşanı gördüm. Mənim Şuşayla bağlı xatirələrim var. Ad günümə bundan böyük hədiyyə lazım deyil. Şükür Allaha ağrılarım da azalıb və ancaq neçə gündü festivalı izləyirəm. Tələm-tələsik Polad müəllim (Polad Bülbüloğlu) ağ kostyum geyinib və oğlunun da əlinə çubuq verib dirijorluq etdirir. Bunu mənə lazım deyil, iş görmək vaxtıdı”. 

Şeyx Əbdül doğum ölkə başçısından maraqlı doğum günü hədiyyəsi istəyib:

"77 illiyimə ölkə başçısından bir şey xahiş etmək istəyirəm. Cənab Prezident "Xarıbülbül” festivalının açılışında iştirak edəndə əynində bir gödəkcə var idi. Arzu edərdim ki, Cənab Prezident o gödəkcəsini mənə hədiyyə etsin və Şuşa xatirələri mənim üçün əbədi olaraq qalsın. O gödəkcənin üstünə bir də xarıbülbülün şəkli vurulsun. Kim ki,vətən, xalq, prezident uğrunda iş görürsə, onlara canımız qurban. Amma kim ki, bundan sui-istifadə edib alver edirsə, yalandan tədbirdən-tədbirə gəlib əl çalırsa, Allah onlara lənət eləsin, onlar bizə lazım deyil”.