İstismar müddəti bitmiş binalar nə vaxt söküləcək? (VİDEO)
Bakının az qala bütün qəsəbələri üzrə gedən geniışmiqyaslı tikinti işləri son illər köhnə, istismar müddəti bitmiş, qəzalı binaların da sökülməsi və onların sayının azalması ilə nəticələnib. Lakin hələ də şəhərimizdə öz istismar dövrünü başa vurmuş və sökülmə növbəsini gözləyən binalar var və belə binaların sayı 100-dən artıqdır. Bəs sovet hakimiyyəti dövründə uzunmüddətli yaşayışa hesablanmayan və bir neçə ildir istismar müddəti bitmiş binalar nə vaxt söküləcək?
Qaynarinfo xəbər verir ki, 1963-cü ildə istifadəyə verilmiş, "Xruşov" layihəli bu bina kimi şəhərdə 100-dən artıq bina öz istismar dövrünü başa vurub. Elə sakinlər də illər əvvəl tikilmiş bu binaların verdiyi narahatlıqdan şikayət edirlər.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Xəzər Xəbər"ə təsdiqləyib ki, müəyyən məhdud müddətdə istifadə üçün nəzərdə tutulmuş və hazırda yaşı ən azı 60-ı ötmüş binalar bir çox parametrlərinə görə normal yaşayış standartlarına cavab vermir.
Ekspert deyir ki, istismar dövrünü başa vurmuş belə binaların tikintisində istifadə olunmuş materialların yüksək radioaktivliyi də sakinlərin səhhətinə müəyyən zərərlər vurur. Belə binaların bəziləri hətta qəzalı vəziyyətdə olan binalar siyahısına da düşüb.
Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, onlar müvafiq icra hakimiyyətlərinin sifarişi ilə binalarda yoxlamalar aparıb, tikilinin vəziyyəti ilə bağlı rəy hazırlayırlar. İstismar dövrü bitmiş binaların qeydiyyatını isə icra hakimiyyətləri aparır. Bakı Şəhər Kommunal Departamentindən isə bildirildi ki, istismar dövrünün bitməsi ilə bağlı müvafiq rəylər aldıqları binaların sayı 100-dən artıqdır və onlarla bağlı Nazirlər Kabinetinə hesabat verilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər