Sənət 11:59 25.02.2020

İtaliyada koronavirus üzündən “İmkansız missiya 7”nin çəkilişi dayandırıldı

İtaliyada "İmkansız Missiya” (Mission: Impossible) filminin yeddincisinin çəkilişi koronavirus təhlükəsi üzündən dayandırılıb.

Qaynarinfo xəbər veri ki, bu haqda "Paramount” kinokompaniyası məlumat yayıb. 

Məlumata görə, çəkilişlər Venesiyada aparılmalıydı. Film şirkətindən bildirilib ki, filmin çəkilməsinin dayandırılması qərarı aktyorların və heyətin təhlükəsizliyini təmin etmək üçün bir tədbir olaraq qəbul edilib.

Qeyd edək ki, artıq İtaliyada 200-dən çox koronavirus hadisəsi qeydə alınıb. Əhalisi 50 min nəfərdən çox olan bir neçə şəhər karantinə alınıb. Venesiyada heç bir karantin olmasa da, şəhər rəhbərliyi kütləvi tədbir və görüşlərə qadağa qoyub.

Ən son məlumatlara görə, materik Çində yoluxma hallarının sayı 77 minə çatıb, 2592 nəfər ölüb, 24 mindən çox adam sağalıb. ÜST-ün məlumatına görə, Çindən kənarda koronavirus infeksiyası hallarının sayı 2069-a yüksəlib, 23 nəfər ölüb.
 
Alpər