Ölkə 19:52 27.12.2017

İtkin düşmüş alpinistlərin axtarışı ilə əlaqədar Qərargah yaradıldı

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmamış "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Qaynarinfo Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən bildirir ki, həmin şəxslərin axtarışına Nazirliyin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri və Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu cəlb olunub.

Axtarış işlərinin səmərəliliyini artırmaq məqsədi ilə sabah əlavə qüvvələrin, o cümlədən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsinin cəlb olunması nəzərdə tutulur.

Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb.

Əlavə məlumat veriləcək.