IV “Məmməd Araz poeziya günü” Qubada keçiriləcək (FOTO)

IV “Məmməd Araz poeziya günü” Qubada keçiriləcək (FOTO)

Bu il Xalq Şairi Məmməd Arazın adını daşıyan poeziya günü mayın 22-də Qubada keçiriləcək.

Layihə rəhbəri Qardaşxan Əzizxanlı bildirib ki, dördüncü dəfə təşkil olunacaq "Məmməd Araz poeziya günü”nə Azərbaycan Yazıçılar Birliyi ilə yanaşı, "Kainat” Gənclik Mərkəzi dəstək verir. Quba rayon İcra Hakimiyyəti öz növbəsində tədbirin keçirilməsi üçün nəzərdə tutulan işlərin görülməsində yaxından iştirak edir. Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının, Quba Dövlət Sosial-İqtisadi Kollecinin tələbələrinin, Quba rayon məktəb-lisey, texniki təmayüllü lisey və tam orta məktəb şagirdlərinin iştirakı ilə keçirilən Məmməd Araz yaradıcılığına həsr olunmuş müsabiqənin qalibləri artıq məlumdur və onlar müvafiq şəkildə diplom, təşəkkürnamə və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar. 

"Məmməd Araz poeziya günü” törənlərinin 2016-cı ildən keçirildiyini nəzərə çatdıran Q.Əzizxanlı deyib ki, ötən il, həm də şairin 85 illiyi idi və bu münasibətlə respublika üzrə şairlər arasında şeir müsabiqəsi elan olunmuşdu. Eyni zamanda rayon və paytaxt məktəbliləri arasında M.Araz şeirlərinin ən yaxşı ifası üzrə də müsabiqə təşkil olunmuşdu. Qazax rayonundan başlayan silsilə tədbirlər, daha sonra İsmayıllıda, Neftçalada, Bakıda davam etdi və şairin doğum günü ərəfəsində poeziya günlərinə yekun vuruldu. Tanınmış ictimai xadimlərin, elm, sənət adamlarının, tələbələrin, M.Araz irsinin araşdırıcılarının qatıldığı tədbirlər ölkənin aparıcı informasiya agentliklərində, telekanallarda və mətbuatda geniş şəkildə işıqlandırıldı. İnanıram ki, bu dəfə də belə olacaq və "Məmməd Araz poeziya günü”  yenə geniş ictimaiyyətə çatdırılacaq.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR