Ölkə 16:02 25.06.2019

İyunun 29-dək temperatur normadan artıq olacaq (XƏBƏRDARLIQ)

"Bu gün və sabah şimal küləyinin sürəti artacaq. Temperatur 1-2 dərəcə aşağı düşəcək. Ona görə havanın temperaturu 31-36 dərəcədən yüksək olmayacaq".

Qaynarinfo xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Nazirlik rəsmisi bildirib ki, iyunun 29-dək ölkə ərazisində havanın temperaturu çox illik norma göstəricilərindən yüksək olacaq: "Amma iki gün bundan əvvəl iyun ayı üçün sutkalıq maksimum göstərici yeniləndi, 37 dərəcə isti müşahidə olundu. Son dəfə belə yüksək temperatur 2009-cu ildə qeydə alınıb. Keçən illə müqayisə etsək, iyun ayında temperatur rejimi 5-7 dərəcə yuxarıdır. Ötən ilin iyun ayı ilə müqayisədə, temperatur 10 dərəcə yüksək olub. Respublikanın rayonlarında, xüsusən də Aran rayonlarında havanın yüksək temperatur rejimi yaxın 2-3 gün ərzində davam edəcək”.