Ölkə 14:01 09.12.2021

JEK-lərin Azərbaycanda hələ də ləğv edilməməsinin səbəbi nədir? - Ekspert

"Dövlət büdcəsindən ayrılan vəsaitlərin yuyularaq, başqa, qeyri-şəffaf istiqamətlərə yönəldilməsi MİS-lər vasitəsilə daha asan, rahat həyata keçdiyindən və bir çox məmurlar bunda maraqlı olduğundan bu günə qədər həmin qurumun fəaliyyətinə xitam verilmir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert İlqar Hüseynli heç bir effekti olmayan, əksinə büdcəyə yük olan Mənzil İstismar Sahələrinin (MİS) hələ də Azərbaycanda fəaliyyət göstərməsinin səbəblərindən danışarkən deyib:

"Mənzil İstismar Sahələrinin əsas funksiyası şəhər təsərrüfatının idarə olunmasından ibarətdir. Bu qurum abadlıq işləri, söküntülərin bərpası, küçələrin süpürülməsilə məşğul olur. Nəticədə dövlətin kifayət qədər büdcəsi MİS-lər vasitəsilə həmin layihələrə yönəldilir. MİS-lərin qalmasında birmənalı şəkildə aydındır ki, korrupsiya faktoru özünü açıq şəkildə göstərir”. 

Həmsöhbətimiz qeyd edir ki, MİS-lər tamamilə ləğv olunmalı, onun funksiyaları bələdiyyələrə verilməlidir: 

"Ölkəmizdə həmçinin bələdiyyə sistemi də fəaliyyət göstərir. Onların statusunda göstərilir ki, bu qurum təmir-tikinti işlərini də həyata keçirir. Belədə öz maliyyəsi hesabına fəaliyyət göstərən alternativ qurum varsa, dövlət büdcəsinin hesabına paralel qurum olaraq MİS-lərin saxlanılmasına heç bir lüzum yoxdur. MİS-lər dövlət idarəçilik sistemində artıq öz funksiyalarını icra edə bilməyən səmərəsiz, köhnəlmiş qurumlardır. Gecikmədən onlardan birdəfəlik yaxa qurtarmalıyıq. Dünyada bu işləri görən qurum ancaq bələdiyyələrdir”.

Rüfət Sultan