Xəbər lenti

Jurnalist DİN-dən narazıdır
Ölkə 13:56 17.06.2013

Jurnalist DİN-dən narazıdır

Aznews.az saytının əməkdaşı Bahar Rüstəmlinin ailəsinə  Zərdab rayonun Alıcanlı kəndinin sakinləri tərəfindən hücüm edildiyi barədə məlumat vermişdik.

Qeyd edək ki, bu hadisələr jurnalistin yazdığı “Zərdabda biabırçı olay: 15 yaşlı qız sürgün edilir” başlıqlı yazısından sonra baş vermişdi.

Xanım jurnalistin ailəsinə qarşı edilən basqın, hadisələrin gedişatı və yaşanan son hadisələrlə bağlı əlavə məlumat əldə etmək üçün onunla əlaqə saxladıq.

Yaşanan hadisə ilə bağlı ətraflı məlumat verən Bahar Rüstəmli bildirdi ki, hadisə baş verən gün saat 16 radələrində Zərdab Rayon Polis Şöbəsinin müstəntiqi Məsud Rəhimovla əlaqə saxlayıb. Müstəntiq rayonda olmadığını deyib: “Sonra rayon polis şöbəsinin rəsinə məlumat verdik. Təxminən bir saat sonra polislər bizim evə gediblər. Onlar bacıma və atama xəsarət yetirildiyinin şahidi olublar. Bacımdan və atamdan izahat alıblar”.

Jurnalist ailəsinə qarşı edilən basqında iştirak edənlər haqda da məlum verdi: “Bizim evə basqın edənlər Alıcanlı kəndinin bələdiyyəsi, kənd icra nümayəndəliyinin baş mühasibi, kəndin 9 illik məktəbinin direktoru Maral xanım, məktəbin müəllim və texniki işçiləri olublar. Rayonun “balaca məmurları” bizim evə basqına idarələrin maşınları ilə gəliblər”.

Daxili İşlər Nazirliyinin olayla bağlı bəyanatından narazılığını bildirən Bahar Rüstəmli söylədi ki, DİN məsələ tam araşdırılmadan, kökündə nəyin dayandığı bilinmədən bəyanat yaydı: “Bəyanatda bildirilir ki, bu hadisələrin baş verməsinə səbəb Bahar Rüstəmlinin yazdığı yazıdır, amma onun ailəsinə basqın olmayıb. Sadəcə olaraq gedib atası ilə söhbət edib qaydıblar. Mən başa düşə bilmirəm: bu necə söhbət olub ki, atama, bacıma zor tətbiq ediblər, onlara xəsarət yetiriblər?! Kənd camaatı da orada olub. Onlar olmasaymış, atamı öldürə də bilərmişlər. Bu dərəcədə qanunazidd bəyanatı DİN-ə heç yaraşdırmadım. Biz sabah DİN-ə, Bakı Şəhər Prokurorluğuna, Mehriban xanım Əliyevaya məktubla müraciət edəcəyik. Bu qədər haqsızlıq olmaz. Yazını yazan mənəm. Kiminsə şikayəti varsa, bunu hüquq müstəvisində həll etmək lazımdır. Hadisədən sonra mən və atam dəfələrlə polis şöbəsi ilə əlaqə saxlamışıq. İstintaq işinin gedişatı ilə əlqədar heç bir məlumat verilmir. Mən indi Bakıdayam və ailəmlə tez-tez əlaqə saxlayıram”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->