İdman 10:26 20.10.2021

“Jurnalistlərlə tənqidlərə görə yaxın olmuşuq” - Sabiq FIFA referisi ilə nostalji müsahibə

Azərbaycan Premyer Liqasında vaxtilə hakimlik edən Orxan Məmmədovu yəqin ki, futbol ictimaiyyətinin böyük qismi unutmayıb. Azərbaycanın istedadlı hakimlərindən sayılan sabiq FİFA referisi də sevimli peşəsini vaxtından tez tərk edənlər arasında yer aldı. Ancaq onun səbəbləri başqa idi. Əslində hakimlik karyerasını bitirdikdən sonra Orxan bəy tamamilə bu sahədən qopmayıb. Hazırda hakim-ispektor kimi Birinci Divizionda oyunlara təyinat alan Məmmədov həm də gənc hakimlərin yetişdirilməsi yönündə fəaliyyətini davam etdirir. Onunla söhbətləşib, bir az da ötən günləri xatırladıq. 

Sabiq FİFA referisinin Qaynarinfo-ya müsahibəsini təqdim edirik:

- Hakimliyi buraxdıqdan sonra fəaliyyətinizi necə davam etdirirsiniz?

- Hakim-inspektor kimi fəaliyyət göstərirəm. Artıq iki oyuna təyinat almışam. Əvvəl Birinci Dəstədən başlayırıq. Sonra tövsiyə olunarsa, yuxarı liqalara gedirik.
 
- Bildiyimizə görə, qadın hakimlərə də təlim keçirsiniz...

- Həm hakim-inspektor kimi fəaliyyət göstərirəm, həm də gənc qadın hakimlərə mütəxəssis kimi dərs keçirəm.
 
 
 
- Hakim yetişdirmə baxımından işlər necə gedir, çətinlik varmı?

- Çətinlik var, çünki istənilən bir şey vaxt tələb edir. Bilirsiniz necədir, biri var, hazır hakim üzərində çalışasan. Amma elə adam var ki, ümumiyyətlə, futbola baxmayıb. Sən həm onu başa salmalısan, həm də hakimliyə maraq yaratmalısan ki, bu peşəni sevsin. Bəzən olur ki, 40 nəfər götürürsən. Amma 5-ci dərsdə onlardan cəmi 20-si qalır. Hakimlərdə maraq olmalıdır.

- Ümumiyyətlə, Azərbaycanda hakimliyə maraq varmı?

- Şükür, var. Qadın hakimlər baxımından çox çətindir. Bu da təbiidir. Çox insanın ailəsi buna icazə vermir. Qadın hakimlər çox azdır. Amma ümumilikdə dəyərləndirsəm, məsələn, mənim dərs keçdiyim qruplarda 70-ə yaxın hakim var. Aralarında gənclər var. Talant qrupa da uşaqlar yığılır. Sadəcə, çempionat olmadığı üçün heç nə etmək mümkün deyildi. İndi çempionat başlayır deyə, onlara baxmaq və inkişaflarına nəzarət etmək rahat olacaq. Bəziləri oynamaq məqsədi ilə gəlirlər. Amma oyunları alınmayanda düşünürsən ki, bu sahədən uzaqlaşmasalar, daha yaxşıdır. Gəlsinlər hakimliyə, çünki futboldu, eyni idman növüdür. Bəziləri alınmayanda gedirlər. Fiziki hazırlığı zəif olan qızı götürüb məşq keçmək də çətindir. Futbolçu olanları daha rahat çalışdırmaq mümkündür. İstəyirəm, futboldan küsüb getməsinlər. Alternativ variantdır. Bilik və geyim baxımından onları təmin edirik. "Dalğa Arena”da bayraqla, fitlə məşqlərimiz olur. AFFA bacardığı qədər kömək etməyə hazırdır. Qalır gələn şəxsin maraq göstərməsi.

- Adətən uşaqları hakimliyə neçə yaşından sonra cəlb edirsiniz?

- 15 yaşdan yuxarı. Ən gənc oğlan hakimlərdən 16-17 yaşında gələn olub. Daha gənc olanları yoxdur, həm də 15 yaşlı uşağın hələ özü bilmir ki, hansı sənəti seçsin. 18-19 yaşında hakimliyə gələnlər var.

- Oğlanlardan ibarət qruplara da dərs keçirsiniz?

- Xanımlardan savayı, tam sıfırdan başlayan oğlan hakimlər də var. Birinci sinfə gedən uşaqlar kimidirlər. Heç bir şey bilməyənlərə dərs keçirəm, hakimliyin tələblərini, dərinliyini, qaydalarını hamısını öyrədirəm. Yəni ilk sinif rəhbəri mən oluram. Oğlanlar arasında hakimliyə maraq göstərənlərin sayı çoxdur. Hər dəfə müraciətlərə baxırıq, anketdə 20-30 nəfər yer alır. Onlara AFFA-nın binasında 7 hissədən ibarət dərs keçilir. Qaydaları başa salırıq. 7 dərsdən sonra kim qalırsa, onlarla da davam edirik. Onların inkişafı bir qədər vaxt tələb edir. Karantin dönəmində oyunlar olmadığına görə uşaqlar ən azı iki il geri düşdülər. Aralarında həvəsdən düşənlər də oldu. Bir söz də deyə bilmirsən, çünki maddi çətinlik də var. Hər dəfə deyirik ki, "səbr edin”, "yaxşı olacaq”. Gələcəkdə komitə sədrinin tələbi nədirsə, elə də olacaq. Məsələn, kimsə gəlib desə ki, "mən ingilis dilini bilmirəm, amma Premyer Liqa hakimi olmaq istəyirəm” bu, bir az çətindir. Çünki həmin adamı daha yuxarı liqalara namizəd göstərə bilmərəm. VAR sistemi olacaq və ingilis dilini bilmək mütləqdir. Kimsə Premyer Liqada hakimlik etmək istəmirsə, ona qapını göstərmirik. Çünki aşağı liqalarda keçirilən oyunları idarə edə bilərlər.
  
- Bir az da şəxsi karyeranızla bağlı danışaq. Hakimlikdən tez getdiniz, bunun səbəbi nə oldu? Daha bir neçə il hakimlik edə bilməzdiniz?

- Zədəm var idi. Son oyunlarda gördüm ki, artıq çətindir. Zədənin bərpası üçün də ancaq dincəlmək lazım idi. Sağ olsun komitə sədri, işləməyə imkan yaratdı, kənara atmadı. Gördüm ki, belə daha yaxşıdır. Bir ayaqla, güclə qaça-qaça oyun idarə etsəm, hansısa gəncin qarşısını almış oluram. Üstəlik 36 yaşımdan sonra FİFA referisi olmaq imkanım da yoxdur. 
 
- FİFA referisi kimi fəaliyyətinizi davam etdirməmək də zədə ilə əlaqədar idi?

- Yüz faiz. İdarəçiliyim zəifləmişdi. Hiss edirdim ki ayağıma görə çətinlik çəkirəm. İndi baxıram ki, həqiqətən düzgün qərar vermişəm. Onu deyim ki, hakim-inspektor olmaq da maraqlıdır. Tanınmış hakimlərimizdən olmuş Vüsal Əliyev hakim-inspektorlara rəhbərlik edir. Biri var meydanda olursan, biri də var ki, kənarda öyrənirsən.

- Yaşıl meydanlarda fit çalmaq, oyun idarə etmək üçün darıxmısınız?

- Hələ də yaşıl meydanlardayam. Təbii ki, oyun idarə etmək üçün adam darıxır. Mən o ab-havanı yenə də yaşamaq istəyərəm. Hazırda isə bu çətindir. Reallıq var. Yalandan desəm ki, oyunu super idarə edərəm, bu, düzgün olmaz. Həm də görürəm ki, gənc hakimlərimiz inkişaf edə, artıra bilərlər. Niyə onların yerini tutum ki?

- Premyer Liqada idarəçilik etdiyiniz dönəmlərdə ən çox tənqid olunan hakimlərdən idiniz. İndi həmin günləri yada salıb gülümsəyirsiniz, yoxsa hələ də acıqlısınız?
 


- Tənqid olunmasaydım, indi mənə zəng etməzdiniz. Tənqid olunmuşam deyə zəng etmisiniz ki, maraqlı müsahibə alınsın (gülür). Maraqlı müsahibəni həmişə tənqid olunanlardan alırlar, çünki bilirlər ki, həmin insanlar danışacaq (gülür).

- Həmişə tərifləmək mümkün deyil axı...

- Təriflənəndə yazı oxunmur. Tənqid olunanda oxunur (gülür). Mən də hər telekanalda, mətbuatda tənqid olunmuşam. Əslində, heç kim deyə bilməz ki, media tərəfindən tənqid edilməyib. Bu, qəbul olunandır, amma bəzən "şitini” çıxarırlar. Hakimliyi asan sanmasınlar. Bəzən tənqiddən təhqirə keçirlər. İstər-istəməz bu, xoşa gəlmir. Hakim də insandır. Nəyə görə Avropa hakimi səhv edəndə heç nə demirlər, amma yerliləri dərhal baltalamağa başlayırlar? Təhqir olmasa, daha yaxşıdır. Tənqid sizin işinizdir. Həmişə demişəm, tənqidləri oxuyuram. Xeyrimədirsə, düzgündürsə, qəbul edirəm. 

- Tənqidlərə görə jurnalistlərlə kin saxlamırsınız ki?

- Xeyr, əsla. Əksinə, jurnalistlərlə görüşəndə köhnə, xatirələrlə dolu günləri yada salırıq. Elə tənqidlərə görə media nümayəndələri ilə yaxın olmuşuq. Hakim haqqında heç nə yazmasaz, maraqlanmasanız o, yox kimi olar. Amma yazırsınız, tənqid edirsiniz, ictimaiyyətə çatdırırsınız, bu yaxşıdır.

- Azarkeşlərin tənqidi yaxşıdır, yoxsa jurnalistlərin?

- Azarkeş tənqid etmir, birbaşa təhqir edir (gülür). Amma hamısı belə deyil. Bəzi azarkeşlər var ki, tanımasalar da, uzaqdan salam verirlər. İndi də yaxınlaşan, salam verən çox olur. Yəni, tərbiyəsiz, mədəniyyətsiz deyil, normal azarkeşdən söhbət gedir. Amma jurnalistlər yazanda... Hətta elə olub ki, buna görə şəxsi feysbuk səhifəmi bağlamışdım. Çünki məni müxtəlif yazılara "təq” edirdilər. Bu, xoş olmurdu. Özüm görürəm, ailə üzlərim baxır. Şəxsən istəmərəm ki, hər hansı valideyn övladı barədə yazılan təhqirləri görsün. O baxımdan deyirəm ki, şəxsiyyəti təhqir etmək lazım deyil. Çoxu tənqid edir, amma bilmir ki, ofsayd, penalti nədir və ağzına gələni danışır.

- Premyer Liqada oyunlara ən çox təyinat alan hakimlərdən biri kimi göstərilirdiniz. Hətta bəzən buna görə sizi zarafatla "Xaqani Məmmədovun (AFFA-nın Hakimlər Komitəsinin keçmiş sədri – red.) sevimli hakimi” adlandırırdılar...

- Doğrudan, elə deyirdilər?
 
- Bəli...

- Yəni, elə deyiləcək qədər oyunlara təyinat alırdım? Əksinə, mənə elə gəlir, hamıdan az oyun idarə edirdim. Kimsə nəsə deyirsə, bunu bilmirəm. Hamıya normal sayda oyun verilirdi, eləcə də mənə. Yəqin ki, kənardan belə hiss olunub.

- Rəhim Həsənov, Ömər Paşayev və daha bir neçə hakim bu peşəni tərk etdi. Onlarla əlaqəniz qalırmı, arada yığışıb söhbətləşirsinizmi?

- Xeyr, söhbətləşməmişik. Hər kəs qərarını özü verir. Rəhim uşaq deyil ki, birdən-birə belə ağır qərar versin. Oturub fikirləşib və qərarını verib.

- Xaqani Məmmədov gedəndən sonra, görünür, onun dönəmində oyunlara təyinat alan təcrübəli hakimləri aradan çıxarırlar. Həqiqətən belə bir şey mümkündürmü? Məsələn, elə yuxarıda adını çəkdiyimiz hakimləri qeyd edə bilərik...

- Ömər zədəsi olduğuna görə hakimlikdən getdi. Özü də çoxdan belə qərar vermişdi. Yəni yeni komitə rəhbərliyinin zamanında deyil, daha əvvəl getmişdi. Bu onun sağlamlığı ilə əlaqədar idi. Amma mən və digərlərinə komitə daxilində heç bir təzyiq göstərilmirdi. Qərarımızı özümüz verdik. Bilirsiniz necədir, hazırda komitə rəhbərliyinin elə də ağır tələbləri yoxdur. Fiziki hazırlıq, məşqlərdə iştirak və digər tələblər var ki, peşəkar hakimlər onları yerinə yetirməlidir. Mən heç bir dərsdə iştirak etmirəmsə, fiziki hazırlığım zəifdirsə, hansı inkişafdan danışa bilərəm? Özümü nümunə gətirim. Uşaq dərsə gəlmirsə, hazırlığı yoxdursa, qaydaları bilmirsə, mən onu yuxarı liqalara necə namizəd göstərim? Mən heç bir təzyiq görmədim, sadəcə, zədəm olduğu üçün hakimliyi buraxdım. Rəhimlə bağlı bəlkə hansısa kənar səbəblər olub deyə gedib. Rəhbərlik heç vaxt demir ki, dur, çıx get burdan. Deyə də bilməzlər. Böyük insanlarıq, ailə sahibləriyik. Sadəcə, tələblərə əməl olunmalıdır. Hakimlik etdiyim vaxtlarda, mən gördüyümə görə hər şey əla idi. Şükür Allaha indi də belədir. Mən gəncləri yetişdirməyə çalışıram, AFFA da buna şərait yaradıb.

- Son illərdə Azərabycanda hakimliyin durumu ilə bağlı düşüncələriniz necədir? Fritz Ştuxlik gələndən sonra hakimlikdə hansısa inkişaf görünür?

- İnkişaf təbiidir. Gənc hakimlərimiz var. Fiziki hazırlıqları, bilikləri, savadları yerindədir. İş gedir, inkişaf da olmalıdır. Bu yaxınlarda hakimlərdən laktat testi götürülüb. Halbuki əvvəllər yox idi. Bu da o deməkdir ki, peşəkarlıq var. Uşaqlardan analizlər götürülüb. Əvvəl də hakimlik maraqlı və yaxşı idi. İndi də komitə rəhbərinin məqsədi odur ki, futbolun sürətinin artdığı dönəmdə hakimlik yaxşı olsun. Nə keçmişdə pis idi, nə də indi.

- Sizin hakimlik etdiyiniz dönəmlə indikini müqayisə edəndə hansı mənzərə ortaya çıxır? O zaman çətin idi, yoxsa indi?

- Hər dövrün öz çətinliyi var. Durub, 10 il əvvəl çətinlik var idi desəm, düz çıxmaz. İndi də asan deyil. Təbiidir ki, o vaxt komandaların sayı çox idi. Belədə gərginlik də həddindən artıq olurdu. Azarkeşlər çox şeyi dəyişirlər. İnşallah, bizim azarkeşlər də meydanlara çox gələr. Həqiqətən oyunlara az azarkeş gəlir. Pandemiyadan əvvəl də belə idi. Ancaq o vaxtlar, bəzi klubların oyunlarında 10 minə yaxın fanat olurdu. Belədə hakimlik baxımından da adama ləzzət edirdi. Qaçanda, səni cuşa gətirirlər. İndi oyunçular bir-biri ilə danışanda səs kənardan eşidilir. Son vaxtlar nisbətən azarkeşlərin sayı artıb. Məsələn, "Sabah”ın oyununda xeyli adam vardı.

- Cari mövsümdə Premyer Liqanın ilk dövrəsi artıq geridə qalıb. Hakimlərdən isə xeyli şikayətlər var. Sizcə bunun səbəbi nədir?

- Hansı dövrdə hakimlərdən şikayət olmayıb ki? Hər dəfə deyirlər ki, əvvəl daha yaxşı idi. 5 ildən sonra indini nəzərdə tutub yenə deyəcəklər ki, "o vaxt səhvlər az idi”. Baxırsan ki, hər dönəmdə eyni sayda şikayətlər, hakimlərdən narazılıqlar var. Uduzan tərəf "çox sağ ol” demir, razı qalmır. Nəyəsə görə etiraz etməlidir. Düzdür, razı qalanlar da var. Amma hakimliyin bu qədər səhvsiz olmasını istəyənlərə futboldan, qaydalardan sual versən, cavablandıra bilməz. Məsələn, protokola nəsə qeyd etmək istəyən bəzi komanda üzvləri bilmir ki, şikayəti hansı hallara görə yazırlar. Axı sənin şikayətin əsassızdır, onlara baxılmır onsuz da. Elə şikayətlər var ki, məhz onlar yazılmalıdır protokola. Yaxud da hansısa baş məşqçi legioneri bilmədən meydana buraxır və limiti pozur. Halbuki, adam sadəcə, limitə baxıb buna əsasən əvəzetməni kağıza yazmalıdır. Belə sadə şeyi edə bilmirlərsə, 90 dəqiqə 12-13 kilometr qaçan hakimin hansısa qərarında səhv axtarmasın. Bunu məşqçilər də təsdiqləyə bilər. Sıfırdan başayanları hazırlamaq çox çətindir. Kimsə tələbəsini medianın tənqidinə görə çölə atırsa, bu düzgün deyil. Axı neçə il əziyyət çəkib. Futbolçu var, xeyli tənqid olunur. Amma qol vuran kimi başlayırlar tərifləməyə. Bəs dünən niyə tərifləmirdiniz? Futboldu, səbrli olmaq lazımdır. Sabah həmin adam Azərbaycanı təmsil edəcək. Yaxşı hakimliyi tərifləyən media görməmişəm.

- Hazırda ən çox tənqid olunan Fritz Ştuxlikdir. Onu tənqid edənlərlə razılaşırsınız?

- Media, ümumiyyətlə, tənqid işini daha yaxşı bacarır, nəinki tərifi. 5 il ərzində görməmişəm gənc hakimləri tərifləsinlər, haqqında qəşəng yazı yazsınlar. Çünki oxunmur, oxucu sayı az olur. Bundan əvvəl digər komitə sədrini də tənqid edirdilər. Sabah bir başqasına da eyni münasibət göstərəcəklər. Bu insanlar istəyir ki, indiki getsin, yenisi gəlsin. O da getsin, əvəzinə başqa biri təyin olunsun. Bu qədər asandı? Ştuxlik 1-2 ildi gəlib. O adamdan nə istəyirsiniz? Gəncləri təqdim edib, inkişafı üzərində çalışdıqlarını açıqlayıb. Sabah həmin hakimlər FİFA referiliyinə namizəd olacaqlar. Oyunlar idarə edəcəklər. Bizdə necədir? Hakim meydana çıxırsa, ondan ən yaxşısını, səhvsiz olmağı tələb edirlər. Bu məntiqsizdir. Hakimlik edəndə rahat danışa bilmirdim. İndi rahatlıqla deyə bilərəm ki, bütün bunlar hakimliyin inkişafını istəməməkdən irəli gəlir. Hakimin inkişafını isəyirsənsə, haqqında yaxşı fikirlər yaz, o da meydana həvəslə çıxsın. Fərqi yoxdur, gənc ya da yaşlı hakimlər olsun. Komitə sədri Azərbaycan daxili ilə yanaşı, beynəlxalq arenaya da köklənib. VAR sistemini gətirmək, hakimlərlə peşəkar müqavilə bağlamaq kimi addımları göstərə bilərəm. Bunlar yaxşı addımlardır. 

- VAR sistemi ilə bağlı sizin düşüncələriniz necədir?

- VAR-ın olması əladır. Həqiqətən oyunların sürəti artıb deyə, hakimlərin epizodları görməsi çətinləşib. VAR olsa, səhvlər minimuma enəcək. Həm də hakimlərimiz üçün yaxşıdır ki, Avropada VAR sistemi tətbiq olunan oyunlara dəvət alarlar. Bizdə olmadığına görə heç kim gedə bilmir.

- Bu yaxınlarda belə bir məlumat yayıldı ki, FİFA ofsaydı müəyyənləşdirmək üçün fərqli texnologiya tətbiq etmək istəyir. VAR özünü yetəri qədər doğruldubmu?

- İllər keçdikcə, texnologiyaların sayı da artır. Bundan əvvəl qapı arxasında hakimlərdən istifadə olunurdu. Daha sonra topun qapıdan keçib-keçməməsini dəqiq müəyyənləşdirmək üçün "qol xətti” texnologiyasın tətbiq etdilər. Daha sonra VAR gəldi, indi də başqa texnologiyalar nəzərdən keçirilir. Bunun arxasında hakimlərin səhvlərinin minimuma endirilməsi məqsədi dayanır. 

- Amma texnologiyanın fubola daxil edilməsini düzgün qəbul etməyənlər də var.

- Deməli, həmin insanlar çoxlu səhvlər istəyir. İnkişaf istəmirlər, düşünürlər ki, meydanda səhvlər olsun, onlar da hakimləri yuyub-sərsinlər. Çox səhv fikirdir. VAR sistemi səhvlərin azlığı baxımdan yaxşıdır, çünki onu idarə edənlər də hakimlərdir. 

Səbuhi Həsənov