Dünya 11:35 09.10.2017

Kataloniya sabah müstəqilliyini elan edəcək

İspaniyanın şərqində yerləşən Kataloniya Muxtar Vilayətinin prezidenti Karles Puiqdemont müstəqillik elanı fikrindən dönməyəcəklərini açıqlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Puiqdemont Kataloniya televiziyası TV3-ə verdiyi müsahibədə "İspaniya höküməti ilə heç bir dialoqumuz yoxdur, çünki onlar bu mövzunun müzakirəsini istəmirlər. Xoşlarına gəlməsə də, Kataloniyada baş verənlər gerçəkdir. Milyonlarla insan referendumda iştirak etdi. Bu insanlar gələcəkləri barədə qərar vermək istəyirlər. İnsanlar niyə səfərbər oldu? İspaniya höküməti nə barədə danışacağımızı fikirləşir? Səmimi olmalı və Kataloniya məsələsini müzakirə etməliyik" deyib. 

Müstəqillik tərəfdarı olan və mülki şəxslərin yaratdığı Kataloniya Milli Assambleyası isə sabah müstəqillik elan edəcəklərini açıqlayıb. Təşkilatın sədri Xordi Sançez açıqlamasında "1 oktyabrda səs verdik və referendumda qalib gəldik. Nəticə çox açıqdır. Biz tək xalqıq. 10 oktyabrda müstəqilliyimizi elan edəcəyik" fikirlərini səsləndirib. Kataloniya prezidenti isə bu məsələ ilə bağlı hansısa açıqlama verməyib.

Gülşən

Qaynarinfo.Az