Ölkə 13:35 14.08.2017

Keçmiş prezident: "Təəsüf ki, indiyə qədər Bakıya gəlməmişəm"

Tanzaniyanın keçmiş prezidenti Cakayya Kikvete Qəbələdə keçirilmiş 13-cü Ümumdünya Gənc Skautlar Forumu və bu gün start götürən 41-ci Ümumdünya Skaut Konfransı haqqında təəsüratlarını bölüşüb.

Oxu.az-a danışan Cakayya Kikvete Azərbaycan skautları və Bakı haqqında fikirlərini bölüşüb: "Mən və 4 oğlum skaut hərəkatının aktiv iştirakçısıyıq. Mən prezidentliyim dövründə, oğlanlarım Keniyada treyninq üçün açıq təbiətə və ya skaut lagerinə gedərkən təhlükəsizlik xidmətinin əməkdaşları özlərini narahat hiss edirdilər. Mən onlara deyirdim ki, təhlükəsizliyi təmin etmək sizin vəzifənizdir, amma elə edin ki, uşaqlar heç bir skaut tədbirindən qalmasınlar. 

Mən prezident olarkən həm də Milli Skaut Assosasiyasına rəhbərlik edirdim. Biz çalışırdıq ki, skaut hərəkatı inkişaf eləsin və onun fəaliyyətinə dəstək verirdik. Bütün bunlara görə hərəkatın sıraları yeni üzvlərlə genişlənirdi.

Mən skaut hərəkatını çox vacib hesab edirəm. Bu hərəkat gənclərdə vətənpərvərlik hissini artırmaqla, onların cəmiyyət qarşısında borcunu izah edir, cəmiyyət üçün lazımlı işlər görməyi təlqin edir. Skaut hərəkatı gəncləri yaxşı vətəndaş və məsuliyyətli lider yetişdirmək yolunda təlimləndirən mühüm bir təşkilatdır.

Tanzaniyada Skaut Hərəkatının güclü ənənələri var və bura gənclərin böyük bir hissəsi cəlb olunub.

Skautların əksəriyyəti sonralar hərbçiyə çevrilirlər və onlar sonradan general rütbəsinədək qalxmaqla, yüksək vəzifələri tuturlar.

Mən əminəm ki, Azərbaycan skautları ölkələrində keçirilən belə möhtəşəm və əhəmiyyətli tədbirdən ilhamlanıblar. Ümid edirəm ki, bu tədbirlər bitəndən sonra Azərbaycan skautlarının cərgəsi nəzərəçarpacaq dərəcədə genişlənəcək. 

Mən ilk dəfədir ki Azərbaycandayam və təəsüf edirəm ki, indiyə qədər Bakıya gəlməmişəm. 

Bakı çox gözəl şəhərdir, sizin bəxtiniz gətirib. Şəhərin çox gözəl təşkil olunmuş planlaşdırması var. Rənglərdən tutmuş binaların dizaynına qədər hər bir şey bir-birini harmonal olaraq tamamlayır. Şəhərin yaşıllığı ona əlavə rəng qatır. Mən Azərbaycanın paytaxtının gözəlliyi barədə sonsuza qədər danışa bilərəm. Baxmayaraq ki, mən burada birinci dəfəyəm. Amma qəti qərara almışam ki, tezliklə daha uzun müddətə burada qalmaq üçün geri qayıdım".

Qaynarinfo.Az