Ekonomiks 22:07 14.06.2019

Kənd təsərrüfatı texnikasının istehsalı vergidən azad edilir

Azərbaycanda kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların, texnikaların istehsalının vergidən azad edilməsi təklif olunur. 

Bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklik edilir. 

Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin iclasında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, Məcəlləsin 164-cü maddəsi kənd təsərrüfatı sahəsində bir sıra malların, məhsulların ƏDV-dən azad olunmasını nəzərdə tutur. Məcəllənin 164.1.34-cü maddəsi ilə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı, satışı ƏDV-dən azad edilib.

Dəyişikliyə əsasən isə ƏDV-dən azadolma qeyd edilən qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı ilə yanaşı, onların istehsalına da tətbiq ediləcək. Eyni zamanda, təsdiq edilmiş siyahı üzrə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin idxalı və satışı da ƏDV-nin tətbiqindən azad ediləcək. (oxu.az)