Lalə Niftaliyeva
Ölkə 16:24 25.04.2018

Kəndçi Lalədən "qlamurka" Laləyə məsləhətlər

Lalə Niftalıyeva
 
Lalə xanım, bu yazını oxumaq üçün sənə tərcüməçi lazım olsa, kəndlilər canla-başla sənə kömək edər. İndi isə nəzərinə çatdırım ki, bu yazını yazan da kənddən gəlib və Zaur Babayevin qızı deyil. 

Öncə gördüyün mənasız işlərə nəzər sal, daha sonra nitqini düzəltmək üçün ana dilindən hazırlığa get. Yoxsa, biz kəndlilər səni başa düşməkdə çətinlik çəkirik. 

Gəl mən sənə izah edim, bu kəndli yığını niyə Bakıya axışır? Sizin kimi məmur övladlarının binalarının tikintisində fəhləlik edib, ailəsini aclıqdan qorumaq, uşaqlarına təhsil vermək üçün. Sənin təhsil haqqından xəbərin var? Yox, niyə də olsun ki, siz hazırda "qlamurka" rəfiqələrinlə "hansı çanta daha yaxşıdır" deyə, fikir mübadiləsi aparırsınız. Həmin o kəndlilər isə 2500 manat təhsil haqqı üçün dəridən qabıqdan çıxır. 

Hə 2500 manat sizin həftəlik, bəlkə də bir günlük xərcinizdir, amma kənddə kartof-soğan əkməklə camaat o pulu bir ilə belə yığa bilmir.

Səni də qınamaq olmaz, sizin oturduğunuz yerdən baxanda, Azərbaycanda işsizlik dərdi yoxdur. Bəli, bu rayon camaatı çox harınlayıb. Bütün dərdləri Bakıya gəlib burda yaşamaqdır. Lalə, heç bilirsən, mənim qaldığım rayonda nə qədər fabrik var? Hamsının üstündə əl boyda qıfıl. Sənin istirahət üçün getdiyin o kəndlərdə iş nə qədər desən var, amma işləyən yoxdur. Biz dəridən-qabıqdan çıxmağa məhkum olunmuş gənclərik. Çünki, sizin kimi harınlamış məmur övladları layiq olduğumuz yerləri atalarının hesabına tutur. 

İndi isə gələk sənin bu kəndlilərə məsləhət verməyinə. Deyirsən ki: "Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı. Həm təmiz, həm də rahat metro olardı". Deyirəm, onların hesabına aldığın əmək haqqından utanırsan? Sənin Metropolitenin stansiyalarında poz verib çəkdirdiyin mənasız reklam lövhələrindən intellektual səviyyəni müəyyən etmək heç də çətin deyil, inan mənə. Ona görə də, get o "qlamurka" rəfiqələrinlə ən son model geyimləri müzakirə etməyə davam et. Biz sənin istədiyin paltarı almaq üçün metroda hələ çox mədəniyyətsizlik edəcəyik.