Ramin Hacılı
Siyasət 15:33 10.05.2019

"Keşikçidağ"ın taleyi necə olsun? (TƏKLİF)

Tarixi kompleksi Gürcüstan-Azərbaycan dostluq rəmzinə çevirməyin yolları…

Mövzuyla bağlı Azərbaycan tərəfinin baxışını və öz fikrimi bölüşmədən öncə Gürcü Vətəndaş Cəmiyyəti nümayəndələrinin mövqeyini olduğu kimi qeyd edirəm: 

"David Qareci monastr kompleksinin (Keşikçidağ və ya Qaraca məbədi) əsası bizim eranın VI əsrinin birinci yarısında qoyulub. Təkallahlığa inandığına (monoteist) görə suriyalı keşiş David Atanı Türkiyənin indiki Antakya şəhərindən qovurlar. O da gəlib çıxır Gürcüstandakı Mtatsminda dağına, indiki Tbilisi şəhərinə. Burada bir müddət yaşadıqdan sonra bütpərəstlərlə yola gedə bilmir və şagirdi Lukianı da götürüb uzaqlara, Qareci dağlarına gəlib çıxır. Burada bir mağara tapıb orada yaşamağa başlayır. Get-gedə ətrafdan gəlib onlara qoşulanların sayı artır. David Ata gələnlərə deyir ki, dağlarda ev tikib yaşamaq üçün özləri ilə tikinti alətləri gətirməlidirlər. Beləliklə, Qareci dağında ilk monastr tikilməyə başlayır. David Ata öləndə onu orada basdırırlar. Şagirdi Lukianı da orada basdırırlar. Hazırda onların ilk sığındıqları mağara da qorunub saxlanılır.

Ayrı vaxtı oğuz türkləri olan azərbaycanlılar David Qareci problemi ortaya çıxan kimi alban olur. Azərbaycan ərazisində onlarla alban abidəsi böyrü üstə qalıb, heç fikir verən yoxdu, amma suriyalı David Atanın əsasını qoyduğu abidəni özününkü hesab edib heç kimə vermərik ritorikası ilə facebook-da "savaşırlar”.

David Qareci kompleksi ilk dəfə səlcuqların hücumları vaxtı ciddi dağıntılara məruz qalıb. Sonra XIII əsrdə monqolların hücumları zamanı kompleksin kitabxanası dağıdılıb, monastrlar yandırılıb. Monqollar tonqal qalamaq üçün kitabxanadakı kitablardan, əl yazmalardan istifadə ediblər. Yazı-pozu bacarmayan səlcuqlar, monqollar arxivin nə olduğunu bilməyiblər. V əsrdən öz yazısı olan gürcülər min bir əziyyətlə yazıb topladıqları tarixi əmanəti tonqala atanları gördükdə hiddətlənməyə bilməzdilər. Səlcuqlulardan, Monqollardan sonra da islam zülmü bu kompleksə zərbə vurub. 1615-ci ilin Pasxa bayramı gecəsi I Şah Abbas David Qareci kompleksində yaşayan 600 inokun başını vurdurub (İnok - heç vaxt evlənməyən provaslav keşişinə deyilir). Hərəmxanası olan Şah Abbas heç vaxt evlənməyən, qadın bədəni görməyən, özünü ancaq İsaya həsr edən kişini anlaya bilməzdi.

Artıq neçə ildi həmin monastra Gürcüstandan təşkil olunan turist, zəvvar qrupları gedib gəlir. Özü də bu ziyarət kifayət qədər ekstrim xarakter daşıyır. Neçə kilometrlərlə yolu piyada gedərək dağa-daşa dırmaşaraq, qayaların arası ilə addımlayıb nəhayət, son nöqtəni, Azərbaycan tərəfindəki Bertubani monastrını qət edib yenidən geri qayıtmaq zəvvarlara böyük zövq verir. Azərbaycanda isə heç kimin könlündən keçmir ki, alban babalarının mirası olan Bertubani monastrına gedib ulu nənələri çariça Tamaranın və əmiləri Georgi Laşanın rəsmlərinə tamaşa etsinlər, onların ruhuna dualar oxusunlar, "David Atanın göz yaşları” adlanan bulaqdan su içsinlər, zülmkarlara lənət oxusunlar. 

Gürcülər uzun illər dirəşib ayaqda qala bildilər, sonra Qafqazda ilk Respublika yaratdılar, daha sonra dirəşib Qara dənizdən dünyaya çıxışları olan Batumu türklərə vermədilər, ondan sonra dirəşib Qafqazın qapılarını Avropaya ilk açan oldular, bu kompleksi də dirəşib geri qaytaracaqlar, çünki David Qareci monastr kompleksi Gürcüstan ərazisində xristian dininin ilk yarandığı məkan hesab olunur. Necə ki, Eçmiədzin ermənilər üçün xristianlığın ilk yarandığı məkan hesab olunur, bura da gürcülər üçün o qədər vacibdir! 

Üstəlik Monastr kompleksinin 75 faizi Gürcüstan, 25 faizi Azərbaycan ərazisinə düşür. Və bu müqəddəs kompleksin ortasından sərhəd simləri keçir. Bu hal gürcülərin həssaslığını biraz da artırır!”.

Mənim cavabım:

Əziz gürcü həmkarlarım, əvvəlcə gəlin etiraf edək ki, tarixə söykənib ərazi iddialarından çıxış etmək sivil dünyanın qəbul etmədiyi, insanlığa zidd hesab olunan aktdı. Siz tarixə ekskursiya etdiyinizə görə deməliyəm ki, məbədin mənşəyinə dair Azərbaycan və Gürcü mənbələri arasında tarixi konsensus mövcud deyil. Azərbaycan mənbələrinə görə Keşikçidağ məbədi haqda konkret bilgi var: "Qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir!”. Azərbaycan tarixçilərinə görə, məbəd gürcülər tərəfindən yalnız Dördüncü Qurucu David hakimiyyəti dövründə ziyarət edilməyə başlanıb. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər və Şirvanşahlar dövlətləri xristian məbədlərinə o qədər də maraq göstərmir, onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu məbəd də o dövrdə inşa edilib. Aparılan tədqiqatlar göstərib ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir.

Tarixçi-alim Altay Göyüşovun sözlərinə görə, gürcülərin "David Qareci” adlandırdığı tikili qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib. Yalnız gürcü tarixinin ən parlaq dövrü olan "Qurucu David” və daha sonra Çariça Tamaranın hakimiyyəti dönəmində monastr gürcü kilsəsinin təsiri altına düşüb. Bundan sonra məbəd gürcüləşdirilib və monastır 11-ci əsrdə siyasi amillər səbəbindən tamamən gürcülərin təsiri altına keçib.

Tarixdə çox gəzişmək və ya mübahisəni uzatmaq istəmirəm. Tək mən yox, çağdaş aydınların gəldiyi qənaət ondan ibarətdir ki, tarixə aid birtərəfli nəticə çıxarıb hərəkət etmək yolverilməzdi və kompromisə söykənən dialoq etikasına ziddi. 

Qısa arayış:

Söhbət həm də Azərbaycanın daş yaddaşı hesab edilən, Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Gürcüstanla sərhəd zolağı boyunca ucalan Qatardağ silsiləsində, Candar gölündən 15 km şimal-şərq istiqamətindən başlayaraq, dəniz səviyyəsindən 750-950 metr hündürlükdə, sıldırım qayalıqlar boyunca, üzü cənuba doğru 25 km-dək uzanan mağara-məbədlər kompleksindən gedir. O kompleks ki, onun bir hissəısi illərdi Azərbaycan ərazisində yerləşir və muhafizə olunur.

Hazırkı reallıq: 

Bu gün Gürcüstan ərazisində yaşayan beş yüz mindən çox azərbaycanlı var və Azərbaycan dövləti onlardan nə bir dəfə təhdid vasitəsi kimi istifadə edib, nə də bu halı əsas alıb ərazi iddiası ilə çıxış edib. Eyni zamanda çağdaş Azərbaycan Respublikası ilə Gürcüstan arasında bütün sahələri əhatə edən, xüsusən enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq mövcuddur. Gürcüstana qarşı olan Rusiya təcavüzü zamanı da Azərbaycan tərəfi öz köməyini əsirgəmədi. İndiki durumda da gürcü tərəfindən səsləndirilən ərazi iddialarına sırf yaxşı qonşuluq və müttəfiqlik prinsipinə söykənərək səssiz qalır. Paralel olaraq bütün bunları görən ölkə vətəndaşları əsaslı olaraq Gürcüstan tərəfini qınayır. Sizin yalnış hesab etdiyiniz "facebook savaşı”nın səbəbi də budur və obyektiv baxanda sadaladığım səbəblərdən haqlı görünür. 

Digər iradınız, bizim özümüzü oğuz türkü, yoxsa alban saymağımızla bağlıdı. Onda sizə belə bir sual ünvanlayım: Deyə bilərsiz ABŞ kimin vətənidi? Elə bu sualın cavabı müasir yanaşmanı doğurur. Azərbaycan mənim kimi oğuz türklərinin çoxluq təşkil etdiyi, bütün yerli xalqların, etniklərin, o cümlədən qədim albanların diyarıdı, vətənidi, yurdudu. Biz özümüzü ona görə həm də alban sayırıq ki, onlar bizim həmvətənlərimizdi. Azərbaycan eləcə də ölkəmizdə yaşayan gürcülərin (həmçinin İngiloylar - gürcülərin subetnik qrupu) vətənidi. Biz bütün vəndaşları özümüzə dogma hesab edib sahib çıxırıq. Eynilə albanlara da. Bir faktı deyim, Qarabağ savaşı zamanı o zamankı Azərbaycan Prezidenti Əbülfəz Elçibəy xiristian udilərə (Udilər əsrlər boyu Qafqaz Albaniyasında yaşayan tayfalardan biri olub) saylarının azlığı səbəbindən savaşa getməyi qadağan etmişdi. 

Bu müzakirələr fonunda Gürcüstan baş naziri Mamuka Baxtadze pozitiv açıqlama verib: "Azərbaycanla sərhədin müəyyən olunması üçün yaradılacaq komissiyaya Gürcüstanın bütün dövlət qurumlarının nümayəndələri daxil olacaq və delimitasiya (Qonşu ölkələr arasında dövlət sərhədlərinin razılaşdırılması) demarkasiya (qonşu dövlətlər arasında mübahisə obyekti olan ərazidə müvəqqəti müəyyənləşdirilən zolaq) prosesinə başlanılacaq. Mən çox yaxşı başa düşürəm ki, bu məsələ gürcülər üçün çox emosionaldır. Mən hamını yoxlanılmamış informasiyalardan çəkinməyə çağırıram. Gürcüstan və Azərbaycan dost və tərəfdaşdırlar. Biz bu məsələni həll edəcəyik”. 

Bu məqamda mənim təkliflərim belədi:

1. Gürcüstan – Azərbaycan arasında olacaq hər hansı bir münaqişədən yalnız hər iki ölkənin zəifləməsində maraqlı olan tərəflər – Rusiya, İran, Ermənistan kimi dövlətlər məmnun qalar. Biz məsuliyyətimizi dərk edib heç bir provakativ çagırışlara rəvac verməməli, insident yaradacaq hərəkətlərdən yayınmalıyıq.

2. Məsələnin danışıqlar və komissiyalararası müzakirələrlə həllinə mütləq üstünlük verilməsi vacibdi. Hər iki ölkənin sərhədlərinin demarkasiyası üzrə işçi qrupunda sözü gedən dövlətlərin vətəndaş cəmiyyəti institutlarının da iştirak etməsinə və ictimai nəzarəti həyata keçirməsinə nail olmaq.

3. Öz fəaliyyətimizlə hər iki ölkənin vətəndaşlarını düzgün istiqamətdə, xalqların real istəklərinə uyğun formada maarifləndirmək və sobataj, provakasiya, təhrikedici saxta məlumatlar verilməsinin qarşısını almaq.

4. Bir hissəsi Gürcüstan, digər hissəsi isə Azərbaycan ərazisinə düşən kompleks birləşdirilərək ona xüsusi status verilməlidir. Bir tərəfdən Azərbaycan, digər tərəfdən gürcü sərhədçilərinin qoruduğu və təhlükəsizliyinə cavabdehlik daşıdığı bütün kompleks bütün tərəflərə eyni dərəcədə açıq olsun. Bu halda hər iki ölkənin xalqları üçün məbədi rahatlıqla ziyarət etmək imkanı yaranacaq. Eyni zamanda dünya və özəlliklə Cənubi Qafqaz üçün mübahisəli sərhəd müzakirələrinə yeni presedent (çözüm düsturu) yaranmış olacaq.

5. Hər iki ölkənin birgə formalaşdırdığı büdcə hesabına rekonstruksiya, abadlaşdırma, infrastrukturun təkmilləşdirilməsi, kompleksin müəyyənləşmiş xarici sərhədlərində hər iki tərəfdən uyğun yoxlama və təhlükəsizlik qurğularının yerləşdirilməsi həyata keçirilsin. Bu təkliflər əsasında məsələnin həllindən sonra heç bir ölkə diğərinə torpaq vermiş olmayacaq. İki qonşu və dost ölkənin ortaq məbədi və ya ərazisi olacaq. Bu halda Kompleks həm də Gürcüstan – Azərbaycan dostluq rəmzinə çevriləcək.

Sayqılarla, 
Ramin Hacılı 
Azərbaycan Avropa Hərəkatının prezidenti