İdman 16:51 18.01.2022

“Keşlə”nin baş məşqçisi: “Hər günə motivasiya ilə başlayıram”

"Keşlə” qış fasiləsində ölkə xaricinə yollanmadı. Mövsümün qalan hissəsinə Azərbaycanda hazırlaşmağı üstün tutan Bakı klubunun heyətində müəyyən dəyişikliklər də həyata keçirilib. Flores və Fəhmin Muradbəylini transfer edən paytaxt təmsilçisindən Azər Salahlı "Neftçi"yə getdi. Anatole Abanq və Nicat Qurbanovla da yollar ayrıldı. Con Kamara və yayda heyətə cəlb olunan Omar Qudiabi ilə müqavilə qarşılıqlı razılıq əsasında pozuldu. Bəs baş məşqçi Sənan Qurbanovun qarşıdakı planları necədir? Daha hansı yeniliklər gözlənilir?

Mütəxəssis Qaynarinfo-ya müsahibəsində komandası ilə bağlı sualları cavablandırıb.

- "Keşlə"nin fasiləyə qədərki çıxışını necə dəyərləndirirsiniz?

- Keçmişə baxsaq, əslində, yaxşı oynayırdıq, sadəcə, startda nəticələrimiz ürəyimiz istəyən kimi olmadı. Nəticə qazana bilməyəndə istər-istəməz psixoloji durum gərginləşir. Bəzi mövqe, sistem dəyişiklikləri etdik. Çalışdıq, futbolçuları toparlayaq. Sona yaxın həm qələbə qazandıq, həm yaxşı nəticələrimiz oldu. Kubokda da növbəti mərhələyə yüksəldik. Belə pozitiv notlarla qış fasiləsinə yollandıq. Təlim-məşq toplanışını öz bazamızda keçirik. "Səbail”lə iki yoldaşlıq görüşü danışmışıq. 

- İstirahət vaxtı yəqin ki, komanda ilə bağlı analizlər apardınız. Baş məşqçi kimi harda səhvlər buraxdığınızı və nəyi dəyişməli olduğunuzu düşünürsünüz?

- Həmişə oyundan sonra analizlər edirik. Futbolçular səhvlərini görürlər. Əlbəttə, öz səhvlərimizdən xəbərimiz var. Hazırda bunların üzərində çalışırıq. Bəzən olur ki, zədələr, xəstəliklər birlikdə məşq etməyə imkan vermir. Elə durumdayıq ki, xəstələrimiz var. Futbolçularla ünsiyyətimizdə daha effektiv olmağa çalışırıq. Əsas odur ki, səhvlərimizi bilirik.
 
- Fasilədən sonra fərqli komanda görə biləcəyik? Mövsümün qalan hissəsində nəyə ümid edəcəksiniz?

- Əvvəlcədən danışmağı xoşlamıram. Komandadan bir çox futbolçular getdi. Ümidləri doğrultmayanlar, müqaviləsi bitənlər oldu. Qış fasiləsində, əlbəttə ki, çox oyunçu götürə bilməyəcəyik. Vəd vermirəm, amma istəyirəm ki, komandamız daha məsuliyyətli olsun. Gördüyümüz işə inansınlar. Əlimizdən gələni edirik. Başa düşürük ki, fasilədən sonra daha çətin olacaq. 

- Hazırlığa başladığınızdan bəri heyətdə bəzi dəyişikliklər görürük. Daha hansı yeniliklər gözlənilir?

- Çoxsaylı futbolçularımız getdi. Fəhmin "Neftçi”dən gəldi. Flores burda olmuşdu, amma bir yerdə işləməmişdik. Bəlkə onun üçün də yeni bir sistem olacaq. İstəyirik yaxşıya doğru dəyişək. Əlimizdə olan bütün futbolçulara güvənim sonsuzdur. Məşqlər onu göstərir ki, həvəslə işləyirlər. Yayda, qışda dəyişikliklər hər zaman qaçılmazdır. Əlbəttə, Azər Salahlı bizim üçün önəmli futbolçu idi, amma "Neftçi”yə getdi.

- Salahlının gedişindən sonra müdafiə xəttində boşluq hiss olunacaq?

- Əsas fubolçumuz idi, görənlər bilir ki, bütün oyunlarda meydana start heyətdə çıxırdı. Bizim üçün vacib oyunçu idi. Çalışacağıq ki, yerini dolduraq, əlimizdə olan futbolçulardan istifadə edək. Bunun nə dərəcədə alınacağını zaman göstərəcək. Çünki futbolçulardan hər zaman ən yaxşı oyunlarını göstərmələrini tələb edirəm. O mövqeyə futbolçu axtarmırıq. Daha çox ön xəttdə oynayan futbolçuların axtarışındayıq. Çalışacağıq ki, gedənlərin boşluqlarını hiss etdirməyək. 

- Oyun sistemi baxımından dəyişiklik gözlənilirmi?

- Xeyr, öz sistemim var ki, ona daha çox inanıram. Bəzən rəqiblərə görə dəyişiklik olur. Onu da effektiv şəkildə, çərçivədən çox kənara çıxmamaq şərtilə həyata keçirməyə çalışıram. Ümumən beynimdə bir sistem var və futbolçulara onu tətbiq etməyə üstünlük verirəm. 

- Abanq Kamara və Qudiabi ilə yolları ayırmağınızın səbəbləri nə oldu? Qudiabi yayda gəlmişdi, heç bir mövsüm oynamadı.

- Qudiabi ümidləri doğrultmadı. Vaxtımız az olduğundan futbolçu ilə danışdıq, onu başa saldıq. Kamara ilə də eyni vəziyyət yarandı. Ola bilər, oyun üslubumuza uyğun gəlmədi və keyfiyyətini burada göstərə bilmədi. Hər iki tərəfin razılığı ilə yolları ayırdıq. Karyerasında uğurlar arzuladıq. Nicatla Abanqın müqaviləsi bitdi. 

- Digər klublardan fərqli Azərbaycanda hazırlıq keçəcəksiniz. Bunun fasilədən sonrakı oyunlarınıza hər hansı təsiri ola biləcəyinizi düşünürsünüz? 

- Başa düşürük ki, təlim-məşq toplanışı çox vacibdir. Daha ciddi rəqiblərlə, digər ölkələrin komandaları ilə yolaşlıq görüşlərimiz olmasını istərdik. Amma biz ölkədə qaldıq. Bundan səmərəli şəkildə istifadə etmək istəyirik. Öz bazamızda məskunlaşmışıq. Daha çox fiziki məşqlərə üstünlük verəcəyik. Plan dəyişiklikləri etdik. Çalışacağıq ki, bunlar bizə pis yansımasın. Dəridən-qabıqdan çıxırıq ki, futbolçular optimal formanı yığa bilsinlər. 

- Heyətlə bağlı yeniliklər, baxışda olan və ya danışıqlar apardığınız futbolçu varmı?

- Hazırda Gürcüstanın aşağı dəstəsində oynayan gənc bir futbolçu var. Səhv etmirəmsə afrikalıdır, 2001-ci il təvəllüdlüdür. Baxışa gəlməlidir. Başqa gəlib-gedən yoxdur. Bəlkə də olacaq. Təklif edirlər. Gənc futbolçulara hər zaman baxmaq istəyirik. Amma təcrübəlilər baxışa gəlmirlər. 

- Ümumiyyətlə fasilə üçün planlarınız necə idi?

- Göndərdiklərimiz məlumdur. Büdcəmizə uyğun hərəkət edirik. Floresi mərkəz müdafiəçisi kimi gətirmişik. Bir nəfər də ön xətdə oynaya bilən universal futbolçu axtarırıq. 

- Məşqçilər korpusunda hansısa dəyişikliklər gözlənilir? Yeni dəvət etdiyiniz fiziki hazırlıq üzrə məşqçi ilə bağlı durum nə yerdədir? Ümumiyyətlə, məşqləri necədir?

- Məşqçi burdadır, danışırıq. Qarşıda nə olacağını zaman göstərəcək. Fiziki hazırlıq üzrə məşqçidir, çalışqandır. 2-3 gündür gəlib. Bir-birimizi tanımaq maraqlı olacaq. Fiziki hazırlıq bir balaca dərin mövzudur. Müzakirələr aparırıq və o da buna uyğun məşqlər keçir. Keyfiyyət, iş baxımından necə olacağını zaman göstərəcək.

- "Keşlə"nin durumu, maliyyə vəziyyəti, elə də ciddi iddialarının olmaması sizi həvəsdən salmayıb?

- Xeyr, qətiyyən. Hər günə motivasiya ilə başlayıram. Belə götürəndə gənc məşqçilərik. "Keşlə” hər zaman avrokuboklarda çıxış edib. Keçən il ölkə kubokunu qazandıq. Bu bizi daha da məsuliyyətli edir. Fikrimcə, hər şey öz əlimizdədir. "Keşlə”dən narazılığım yoxdur. Rəhbərliyin bizə diqqətindən, qayğısından razıyam. Düşdüyümüz duruma görə hərəkət edirik. Komandanı bu vəziyyətdən çıxarmaq istəyirik.

- Bu, futbolçulara da təsir edir?

- Təlim-məşq toplanışına getməməyimiz futbolçulara pis təsir etməməlidir. Bunu başa düşürük. Vəziyyətə, büdcəyə uyğun hərəkət edirik. Əllərimizi yanımıza salmalı deyilik. İşimizə davam eməliyik. Hər şeyi özümüz üçün yaxşı etməliyik.

Səbuhi Həsənov