Ölkə 19:20 25.07.2018

Keyfiyyətsiz pasport problemini necə həll edək?

Xarici pasportun üz qabığı korlansa da, o, hüquqi cəhətdən qüvvədə qalır və müvafiq qurumların bütün yoxlamalarından keçəcək. Pasportun şəkil, ad, soyad, doğum yeri və s. əks olunduğu informasiya hissəsinin aydın oxunması əsasdır. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri, siyasi ekspert Tofiq Zülfüqarov son vaxtlar Azərbaycan vətəndaşları arasında tez-tez rast gəlinən keyfiyyətsiz xarici pasport problemini şərh edərkən deyib. 

Onun sözlərinə görə, bu pasportlar eyni anda bir neçə beynəlxalq normalara cavab verməlidir. Pasportun nümunələri Azərbaycanın diplomatik əlaqələri olduğu ölkələrə göndərilir. 

"Bu nümunələr ölkələrin konsulluqları tərəfindən qeydə alınır. Bütün məlumatlar müvafiq proqrama daxil edilir. Gömrük işçisi və ya sərhədçi pasportun ştrix-kodunu xüsusi aparata yaxınlaşdırdıqda orada qısa informasiya peyda olur”, - o deyib. 

Azərbaycanın sabiq XİN rəhbəri bildirib ki, keyfiyyətsiz və üzü silinmiş pasportlar Azərbaycan vətəndaşının imicinə pis təsir göstərir və az əhəmiyyətli deyil. 

"Müddəti başa çatmış pasport da etibarsız sayılır. Pasportların dəyişdirilməsi müvafiq yaşa çatdıqda, vətəndaş tərəfindən soyad, ad, atasının adı və ya yaşadığı yer, cinsi dəyişiklikdən sonra, yararsız vəziyyətə düşdükdə, zədələndikdə vacibdir”, - müsahibimiz qeyd edib.  

Sənədin korlanması

Hüquqşünasların sözlərinə görə, sənəd korlandıqda, hər hansı səhifəsi cırıldıqda, informasiyalar və möhür silindikdə pasportdan istifadə etmək olmaz. Yalnız pasportlarını qəsdən korlayan şəxslər məsuliyyətə cəlb edilir. 

Sosioloq Azər Allahverənovun sözlərinə görə, praktika göstərib ki, bu sənədin hazırlanmasında qoruyucu qabığın olmaması, keyfiyyətsiz sənəd və rəng əsas çatışmazlıqlardır.

"Beynəlxalq normalara əsasən, xarici pasportlar iki qoruyucu qabığa malik olmalıdır. Düşünürəm ki, əgər korlanmış pasportlarla "Asan”a müraciət etsəniz və bunun sahibinin günahı səbəbindən baş vermədiyini başa sala bilsəniz, pasport pulsuz şəkildə və qısa müddətdə dəyişdirilməlidir”, - ekspert əlavə edib. 

Onun sözlərinə görə, pasportların hazırlanması prosesində keyfiyyət üzrə beynəlxalq normaların pozulması mümkündür. 

"Ona görə də Azərbaycanda olan bütün xarici pasportlarda analoji problem yaşanmır. İnsanlar illərlə ondan istifadə edir və heç bir problemlə qarşılaşmır. Əgər indi bizim vətəndaşlarımızda keyfiyyətsiz xarici pasportlar varsa, bunu dərhal düzəltmək lazımdır. 

İstənilən halda, Azərbaycanda istifadə edilən xarici pasportların vüqarlı görkəmi olmalıdır. Bunda kimin günahkar olmasını müəyyən etmək lazımdır”, – Allahverənov deyib. 

Sosioloq əlavə edib ki, pasportun insanın şəxsiyyət vəsiqəsi və vətəndaşlığını sübut edən sənəd olduğunu nəzərə alsaq, onun səliqəli olmasına xüsusi diqqət yetirilməlidir.