"Yepiskopların iclasının çağırılması qərarı II Qareginin son proseslər fonunda narahatlıq keçirməsindən qaynaqlanır”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin dekabrın 10-12-də yepiskoplarla toplantı keçirmək təşəbbüsünü şərh edərkən deyib.
Ekspert qeyd edib ki, hökumət-kilsə mübarizəsi son mərhələyə qədəm qoymaqdadır:
"Erməni Apostol Kilsəsi ətrafında məsələ həddən çox ciddiləşib. Kilsədə dəyişikliklə bağlı aparılan proses yekun mərhələyə yaxınlaşır. Çünki seçki ərəfəsi bu məsələ həll olunmalıdır. Ermənistan hökuməti kilsəni Rusiya tərəfdarı olan qüvvələrin önündə görür.
Ona görə də kilsəyə qarşı mübarizə prosesini yekunlaşdırmaqda israrlıdır. Bu yaxınlarda arxiyepiskop və yepiskoplardan ibarət 10 nəfərlik dəstə II Qaregini istefaya çağırdı. Bu isə artıq kilsə rəhbərliyinə qarşı mübarizənin təkcə kənardan yox, həmçinin daxildən də başladığını göstərən bir prosesdir”.
Həmsöhbətimiz katolikosun öz xoşuna istefa verəcəyinə inanmır:
"Belə vəziyyət II Qaregin və onu dəstəkləyən qüvvələrin daha böyük narahatlığına səbəb olub. Qaregin olduqca inadkar adamdır. Baxmayaraq ki, onun mövqeyinə ciddi zərbələr dəyib. Bununla belə, onun öz xoşuna istefa verməsi şübhəlidir. Belə bir düşüncə var ki, Qaregin hələ "dişlərini” göstərməyə çalışacaq və öz xoşuna getməyəcək. Ona görə də özünü müdafiə etmək üçün yepiskopların yığıncağını çağırır”.
Amma bununla belə həmsöhbətimiz bu kimi addımlarla Qareginin öz mövqeyini möhkəmləndirə biləcəyini düşünmür:
"Çətin ki, bu baş versin. Hər halda hökumət də bu məsələdə çox inadlıdır. Paşinyan da kilsəyə qarşı mübarizədə uğurlu taktika seçib. Əvvəl kənardan təsir göstərməyə çalışdısa, indi isə prosesi daxildən, yepiskop və arxiyepiskoplar üzərindən aparır. Ona görə də Paşinyanın mövqeyi getdikcə güclənir”.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan katolikos II Qareginə qarşı apardığı mübarizəni artıq kilsə daxilinə ziddiyyətlərin yaranması istiqamətinə yönəldə bilib. Belə ki, 10-a yaxın arxiyepiskop və yepiskop II Qaregini istefaya səsləyib. Bu fonda deyəsən II Qaregin də əks-hücuma keçmək qərarına gəlib. Belə ki, 4-7 noyabr tarixlərində Ali Ruhani Şuranın iclasında aparılan müzakirələrdən sonra, bütün ermənilərin katolikosu 10-12 dekabr tarixlərində Erməni Apostol Kilsəsində yepiskopların iclasını çağırmaq qərarına gəlib. Bildirilir ki, iclasda son hadisələr və kilsə daxili işlərlə bağlı məsələlər müzakirə edilməlidir.
Rüfət Sultan
Şərhlər