Bu yazının başlığı ilk baxışda heç nə ifadə etməyə bilər. Lakin Resusci Anniyenin hekayəsini öyrəndikdə əslində nədən bəhs etdiyimizi anlayacaqsınız. Heç kimin tanımadığı, morqda sahibsiz qalan bu gənc qadın dünyanın ən məşhur simalarından birinə çevrilib. Amma onu heç kim xatırlamır…
19-cu əsrin Parisinə səyahət
Qaynarinfo xəbər verir ki, 19-cu əsrdə Parisdə bugünkü baxış bucağımızdan olduqca qəribə görünən bir ictimai fəaliyyət mövcud olub: morqda sərgilənən cəsədləri izləmək.
Adətən kimsəsiz olan və tanıyanı tapılar deyə nümayiş etdirilən bu cəsədlər insanlarda qəribə maraq oyadıb. O qədər ki, bu sərgi meydanı bir növ yarmarkaya çevrilir, insanlar yeni "görücü"yə çıxmış cansız bədənləri görmək üçün növbəyə düzülüb.
O dövrdə fotoaparat mövcud olmadığından, insanlar sevdiklərinin üzünü xatirə olaraq saxlamaq üçün onların gipsdən maskalarını hazırladır və evlərinin ən görkəmli yerində saxlayıblar. Bəzən isə morq işçiləri kimsəsiz cəsədlərin üz qəliblərini götürür, bir gün qohumları tapılar deyə arxivləşdiriblər.
Ölüm maskası təkcə Fransaya aid bir ənənə deyil. Antik Misirin ən məşhur ölüm maskasına sahib şəxsini xatırlayaq: gənc firon Tutanxamon.
Lakin indi bəhs edəcəyimiz hekayə bu tarixi nümunələrdən bir qədər fərqlidir. Çünki elə bir ölüm maskası var ki, o, demək olar Tutanxamonun maskası qədər məşhur, eyni zamanda sirli və unudulmazdır.
Sena çayının naməlum qadını
19-cu əsrin sonlarında Parisin Sena çayında 16-17 yaşlarında olduğu təxmin edilən gənc bir qadının cansız bədəni tapılıb və morqda nümayiş etdirilib. Onun sakit və huzurlu üz ifadəsinə görə çoxları acısız öldüyünü düşünüb. Lakin o dövrdə tibbin səviyyəsi bu fərziyyəni sübut etməyə imkan verməyib.
Cəsəd uzun müddət morqda qalıb, lakin onu tanıyan və sahiblənən çıxmayıb. Patoloq onun üz ifadəsindən təsirlənərək ölüm maskası hazırlamağa qərar verib. Bu maska illərlə "L’Inconnue de la Seine" (Sena çayının naməlum qadını) kimi tanınıb və çox sayda nüsxəsi hazırlanaraq satılıb.
300 milyon insan öyrəndi, milyonlarla həyat xilas oldu
19-cu əsrdən 1950-ci illərə keçdiyimiz zaman tibb dünyasının yeni bir gündəmi var idi: ilk yardım. Bu gün effektivliyi sübut edilmiş üsullara gələnədək insanlıq bir çox qeyri-adi və bəzən qorxunc metodlardan istifadə edib. Məsələn, həyatını itirmiş şəxsləri dırnaqlı çubuqlarla döyərək diriltməyə çalışmaq kimi.
Tibbdə inqilab
Bu üsulların əksəriyyəti təbii ki, nəticə verməyib. Lakin amerikalı cərrah Ceyms Cud dünyada milyonlarla insanın həyatını xilas edəcək ürək masajı texnikasını kəşf edəndə hər şey dəyişib.
1950-ci illərin sonlarında tibb tələbələri yeni öyrəndikləri ürək masajı texnikasını tətbiq edərkən Amerika Ürək Assosiasiyasının üzvü Arçer Qordon düşünüb ki, cansız bir maneken üzərində məşq etmək həm tələbələri lazımsız ağrılardan, həm də bir-birinə ürək masajı edərkən qabırğa xəsarətləri almaqdan qoruyar. O, norveçli həmkarı, eyni zamanda oyuncaq istehsalçısı olan Asmund Laerdalla müraciət edib.
Laerdal bu təklifi qəbul edib və dərhal bir model hazırlamaq barədə düşünməyə başlayıb. O zaman yadına qohumunun evində gördüyü "L’Inconnue de la Seine" maskası düşüb. Bu maskaya bədən əlavə etməklə həm ürək masajı, həm də süni tənəffüs texnikalarını tədris etmək mümkün olardı.
Beləliklə, Laerdalın karyerası oyuncaqçılıqdan tibbi avadanlıq istehsalına keçib və "Sena çayının naməlum qadını" dünyanın ən məşhur ölüm maskasına çevrilib.
Dünyanın ən çox öpülən üzü
Daha sonra Resusci Anniye adını alan bu naməlum qadın dünyada 300 milyon insanın ürək masajı və süni tənəffüs təlimi almasında rol oynayıb.
Resusci Anniye bir çox mahnılara və şeirlərə ilham olub. Məsələn, Maykl Cekson "Smooth Criminal" mahnısında Resusci Anniyeyə xitab edərək "Annie, are you okay?" (Anniye, sən yaxşısan?) deyir.
"The BMJ" jurnalında yayımlanan bir məqalə kimliyi bilinməyən bu qadının necə CPR manekeninə çevrildiyini və "dünyanın ən çox öpülən qızı" adını aldığını izah edir.
Bununla belə, məqalədə etik bir sual da irəli sürülür: "Ölmüş bir insanın üz maskasını onun razılığı olmadan çoxaldıb satmaq nə dərəcədə doğrudur?"
Aydın
Şərhlər