Hüseynbala Səlimov
Ölkə 13:10 13.02.2018

Kökdən düşmüş... cəmiyyət

Hüseynbala Səlimov

Bizim şanlı, adı müstəqil və özü asılı, öz doğmaca peykimizdən yayımlanan, elə özümüzə də oxşayan televiziyalarımız o qədər musiqili verilişlər verirlər ki, artıq hamımız dönüb "musiqişünas” olmuşuq, hətta fikirlərimizi də musiqi kateqoriyaları ilə çatdırmağa başlamışıq. 

Hələ bu da hamısı deyil, bir də gördün, hamımız oxumağa başladıq, onda bir - iki para ağıllı adamın  halı necə olacaqdır,–artıq bunu təxmin etməyə özüm də çətinlik çəkirəm...

Qərəz, cəmiyyətimiz haqda düşünürkən də ağlıma bir musiqi kəlməsi düşdü; kökdən düşmüş... Bəli, bizim cəmiyyətimiz artıq kökdən düşmüş  musiqi alətinə bənzəyir, onu orkestr halına gərtirmək üçün, görünür, hələ xeyli müddət lazım gələcək.

Bilirəm, deyəcəksiniz ki, yaxşı dirijor olsa, məsələ tez həll olunar. Amma hətta ən yaxşı dirijor da çalğıçıların alətlərini kökləmir və bu işi hər çalğıçı özü görür.

Problemimiz də odur ki, hələ də yaxşı dirijor həvəsindəyik. Bunu politoloji, sosioloji dilə çevirəndə güclü lider, ya da "dəmir əl” anlamına gəlir ki, onu da artıq sınaqdan keçirmişik və bu model nə verə bilərsə, onlara nail olmuşuq. İndi bir-iki para adam yenə hey soruşur ki, bəs daha nə etməli və başımızı haranın daşına çırpmalıyıq? 

Cavab sadədir, sadəcə, biz onu qəbul etmək istəmirik. Heç onu da anlamırıq ki, cəmiyyət həmişə bir böhrandan o birinə doğru gedir və hər bir böhran növbəti inkişafın ərəfəsidir. 

Əslində böhran lakmus kağızı kimi bir şeydir, o, həmişə növbəti keyfiyyət dəyişikliyinə işarə edir. Bizsə bu işarəni görmək istəmirik və neçə illərdir ki, yalnız kələfin ucunu daha da dolaşdırmaqla məşğuluq. 

Vəzifə isə güclü cəmiyyət və güclü fərd olmaqdır. Neçə illərdi, bütün sosial simptomlar buna dəlalət edir. Bir daha deyirik ki, cəmiyyətimiz özünün xəstə olduğunu bilən, bunun müalicəsinin yolunu anlayan xəstəyə, bəli, səhlənkar bir xəsətəyə bənzəyir–müxtəlif bəhanələrlə müalicəsini yubadır...
Ona görə də "Niyə belədir?” və "Nə etməli?” sualı üstündə baş sındırmağa dəyməz-ən azı başlarımızı qorumalıyıq, çünki o, bizə düşünmək üçün olmasa da, başqa şey üçün lazım olacaq, həm də başımız hələ çox daşlara dəyəcək...

O gün bir nəfər "orta statistik” həmvətənlimizlə rastlaşdım. İlk sözü bu oldu ki: "Deyirlər, seçki olacaq, hə?..” 

Mənim bunu təsdiqləməkdən savayı yolum qalmadı. Amma gəl, dilimin ucunda bir sual ilişib qalmışdı: "Bundan sənə nə?”...

Bəli, insanlarımızın ən çox sevdiyi "Mənə nə?” sualıdır. Ona görə də sizdən nəsə soruşanda çəkinmədən deyin ki, axı, sənə nə? Yoxsa başınız çox ağrıyacaq, çünki bizim insanların hamısının dərin  "həyat fəlsəfəsi” var və adam axtarırlar ki, onları dinləsin. Bu fəlsəfədə bütün naqis insan keyfiyyətlərinin əsaslandırması var. Bəli, dinləməli olsanız, sizə hər şeyi əsaslandırcaqlar: biganələyi və etinasızlığı, ictimai cəsarətsizliyi və hətta yaltaqlığı və ikiüzlüyü...

İndi bunları yazıram, yadıma başqa bir detal düşür. Sovetin məşhur filosofu vardı: Aleksandr Zinovyev. Güclü filosof-məntiqçi, ilk sosioloji romanların müəllifi, Nobel mükafatını da NATO-nun keçmiş Yuqoslaviyada keçirdiyi əməliyyatları pislədiyinə görə ala bilməyən, SSRİ-dən dissident kimi qovulan, sonradan isə Qərbdən məyus olub geri qayıdan, hətta öz keçmiş dissident bioqrafiyasını inklar edən maraqlı və maraqlı olduğu qədər də ziddiyyətli bir intellektual..

Qərəz, onu sayəsində çox məşhurlaşan bir deyim vardı–homo soveticus... O, hətta eyni adda bir əsər də yazmışdı. Sonradan digər sosioloqlar həmin homosoveticusun sosial-psixoloji portretini yaratmağa çalışmış və hətta buna nail də olmuşdular. Həmin "portret-cizgilər”dən bir detal yadımda qalıb; homo soveticus ən mənəviyyatsız göstərişləri, tapşırıqları belə yerinə yetirməyə hazırdır...

Bəli, o, "nəçəlnik”in tapşırığını yetirəcək, sonra əgər pribaltikalıdırsa, intihar edəcək, yox, rusdursa, yaxışıca içib özünü də, düzü-dünyanı da söyəcək, yox, müsəlmandırsa, bunu bir az da bəzəyib şücaətindən dəm vuracaq və deyəcək ki: Ağa deyirsə "sür dərəyə!”, sürməlisən də... 

Ağlına da gəlməyəcək ki, eyni situasiyada başqa davranış tərzi də ola bilərdi, çünki bir daha deyirik ki, o, bundan xəbərsizdir, bu, onun heç ağlına da gəlmir, çünki ictimai ləyaqət deyilən məsələdən bixəbərdir...

Ona görə də kökdən düşmüş cəmiyyətik bizlər, düşünüb-daşınanda adamın gəldiyi qənaət bu olur. Düzdür, bir-iki ağıllı insanımız etiraz edər ki, yanlışdır bu da, cəmi millət bir "not”a–yaltaqlığa köklənib və özü də heç də pis köklənməyib, əməlli–başlı yaltaqlar orkestri yaranıb...

Nə demək olar? Heç nə deməyəcəyik, çünki demokratıq, bir-iki para dürüst-düzgün adamımız qalıb, durub onların da qəlbini sındırmayacağıq ki!..