İdman 13:06 07.06.2019

"Klublar nə vaxt müraciət ediblər ki, ..." - AFFA-dan cavab

AFFA 2018/2019-cu illər mövsümündə Gənclər Liqasında (U-19) oynayacaq komandaların matçlarından, statistik məlumatları hazırlaması üçün məşhur "İnStat" şirkəti ilə əməkdaşlıq edəcəyi və bütün xərclərin qurum tərəfindən ödəniləcəyini açıqlanmışdı. 

Lakin U-19 liqasında çıxış edən komandaların bir neçəsinin baş məşqçisi, o cümlədən klub nümayəndəsi Sport7.az-a açıqlamasında klublara bu haqda məlumat göndərilmədiyini bildirib. 

Məsələni araşdırmaq üçün AFFA ilə əlaqə saxladıq. Qurumun Mətbuatla Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Sport7.az-a açıqlamasında bildirdi ki, əslində statistik məlumatlar üçün klublar şirkətə müraciət etməlidir:

"Klub özü AFFA-dakı koordinatora müraciət etməlidir. O vaxt Klublar Komitəsində Zaur Hacı Məhərrəmov işləyəndə müqavilə bağlanmışdı. Hansı klubdan Zaur bəyə müraciət edilibsə, "İnstat"dan loqin-parolu öyrənib ki, istənilən komanda ilə bağlı məlumat götürsün. Maraqlıdır, bizə məlumat verilmir deyən klublar nə vaxt müraciət ediblər ki, bunların müraciətinə cavab verilməyib? "İnstat" özündən heç kimə informasiya göndərmir. Sistem belədir. Müraciət edirsən ki, məsələn, mənim A və ya B komandamın oyunları ilə bağlı statistik məlumatlar lazımdı. "İnstat" da onunla bağlı xüsusi loqin-parol göndərir. Həmin loqin-parolla daxil olub, informasiyanı oradan götürürlər".