Foto 14:41 02.06.2020

Koronavirus pandemiyasından sonra ondan geri qalmayan Ebola başladı - ÜST-dən qorxunc açıqlama

Ümumdünya Səhiyyə Təşkilatı Afrika ölkəsi olan Konqoda yenidən Ebola pandemiyasının başladığını elan edib.

Qaynarinfo Musavat.com-a istinadən bildirir ki, Konqoda Ebola səbəbindən artıq 4 nəfər ölüb. ÜST əməkdaşı Gebreyesus ölkənin şərqində yeni Ebola pandemiyasının başladığını bildirib. Ölkənin səhiyyə naziri Eteni Longondo da məlumatı təsdiqləyib və həmçinin qeyd edib ki, Ebolaya yoluxan çoxlu sayda xəstələr var.

Qeyd edək ki, 2018-ci ilin avqustunda Konqoda Ebola pandemiyasının bitdiyi elan edilmişdi. Lakin bu ilin aprel ayında ölkədə yenidən virusa yoluxma aşkar edilib. Hətta virusdan müalicə alan bir xəstə xəstəxanadan qaçmışdı.

Beləliklə, Konqoda Ebola pandemiyasının yenidən baş qaldırması böyük həyəcan doğurub.

Xatırladaq ki, Ebola yarasa, meymun və digər heyvanlardan insanlara keçən virusdur. Ebola faktı 1976-cı ildə qeydə alınıb. Həmin il Sudanın Nzara bölgəsində və o zamankı Zairin Yambuku rayonunda (indiki Konqo Demokratik Respublikası) ilk virusa yoluxma halları aşkar edilib. Yeni epidemiyaya Yambuku yaxınlığındakı Ebola çayının adı verilib.

Virusun yayılması 2012-ci ildə qeydə alınıb ki, həmin vaxt Uqanda və Konqoda 57 nəfər ölüb. 2007-ci ildə isə Konqoda virus 187 nəfərin həyatına son qoyub[1]. Virusun ən son yayılması 2018-ci ilin avqust ayında Konqo Demokratik Respublikasında qeydə alınıb.

Rəsmi statistikaya görə bu günə qədər 3.314 nəfərdə Ebola aşkarlanıb ki, onların da 2.025 nəfəri ölüb.