Sağlamlıq 13:48 14.10.2020

"Koronavirusa yoluxma sayı həyəcan siqnalı çalmağa əsas verir" - TƏBİB

"Son günlər ərzində bir neçə çətin dönəmdən keçirik. Havaların soyuması ilə əlaqədar insanların sıx toplaşması, ictimai nəqliyyatdan istifadəetmə sıxlığı artıb, digər respirator infeksiyaların baş qaldırdığı bir vaxtdır, həmçinin sentyabrın 15-dən etibarən məktəblər açılıb. Bunlar hamısı özlüyündə koronavirusa yoluxma riskini artıran faktorlardır”.

Bunu APA-ya açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib. O bildirib ki, əlavə olaraq ölkədə başqa gərgin vəziyyət də  yaşanmaqdadır: "Hazırda insanlar cəbhə bölgəsində baş verən hadisələrlə bağlı xəstəliyi tamamilə unutdular. Yay aylarında qorunma qaydalarına müəyyən qədər riayət edirdilərsə, bu, artıq tamamilə unuduldu. Ötən həftələrdə yoluxma sayının 80-90-lara enməsi də  bir tərəfdən insanlara arxayınlıq verdi və xəstəlik sonuncu plana keçdi. İnsanların  arxayınlıq hissinə görə maska, qorunma qaydalarına riayət etmək unuduldu, insanlar sıx toplaşmağa başladılar. Bu,  rəqəmlərdə özünü göstərməyə başlayıb. Bu başlanğıc artıq bizi narahat edir, çünki bu günün 230-250 sayı 1 həftə, 10 gün sonranın  500-600-ləri deməkdir. Yəni, biz yenidən yüksək rəqəmlər, yaşadığımız gərgin vaxtların bir addımlığındayıq. Təbii ki, bu, həyəcan siqnalı çalmağa bu əsas verir. Çünki koronavirus da bizdən xeyli canlar alıb, xeyli sayda itkilərə səbəb olub. Ölkə olaraq gərgin günlər yaşamışıq. Əminəm ki, heç kim yenidən karantin rejimini, xəstəxanalarda yaşanan o gərgin günləri yaşamaq istəməz. Ona görə bir daha insanlarımızı qorunma qaydalarına riayət etməyə, xəstəliyi unutmamağa, bizə  verilən bu şansdan, bugünki günümüzdən dəyərli istifadə etməyə  çağırıram”. 

N. Mustafayeva qeyd edib ki, qaydalara əməl etməkdə ictimai iaşə, müəssisə rəhbərlərinin böyük rolu var: "Maska taxmadan vətəndaşın ictimai nəqliyyata girişinə icazə verilmir. Həmçinin ictimai iaşə obyektlərinin rəhbərləri də öz  müəssisələrində bu qaydanı tətbiq etməlidirlər. Girişdə qızdırmanın ölçülməsi, həm də maska taxılması şərti qoyulmalıdır. 

İnsanlar bunu  inzibati qayda olaraq deyil,  həqiqətən sağlamlığın qorunması üçün tətbiq olunduğunu bilməlidir. Məsələn, maskanı ancaq ağız hissəsinə taxırlar, çənədə saxlayırlar. Belə şəkildə maska taxmaqla taxmamağın heç bir fərqi yoxdur. Bu halda maska qoruyucu deyil. Virus nəfəs yollarından  və ağızdan daxil olur. Maska burun  hissəni tamamilə qapatmalıdır. Bəzən insanlar qorunma vasitələrinə inzibati qayda olaraq əməl edirlər. Maskanı ya əldə saxlayır, ya hər hansı müəssisəyə daxil olanda qapıdan keçmək məqsədilə  taxırlar. İnsanlar bunu inzibati qaydada, hər hansı müəssisəyə  daxil olmaq üçün vəsiqə kimi istifadə etməməlidir, mahiyyətini anlayıb istifadə etməlidir”. 

Həkim-infeksionist COVID-19-un ordumuza təsirindən də danışıb: "Sıravi insanlarımız bəzən hərbçilərlə görüşür.  Məsələnin bu tərəfi də var. Orduda virus yayılarsa, təsəvvür edin, onun təhlükəsi  nə dərəcə olar. İnsanların əmək qabiliyyəti, fəaliyyəti aşağı düşür. Ordu sıralarımızdan insanlar itirə bilərik, onlar 7-10 gün müalicəyə cəlb olunur. Müalicədən əlavə onlar xəstəliyi yüngül keçirsələr belə, ən azı həmin hərbçi 14 gün izolyasiya olmalıdır ki, digər hərbçiləri yoluxdurmasın. Bir hərbçi, döyüşçünün 14 gün döyüş sıralarından ayrılması böyük itkidir. İndiki vaxtda hər kəs bir şəkildə, ya mənəvi, ya maddi olaraq ordumuza dəstək , faydalı olmaq istəyir. Bu da yardımın bir növüdür. "Vətənini ən çox sevən şəxs işini ən yaxşı görən insandır”. Bu,  Mustafa Kamal Atatürkün sözüdür. İşimizi ən yaxşı görsək,  bu da vətənə xidmətin bir növü olar”.