Siyasət 14:05 04.02.2022

Kreml İrəvan-Ankara münasibətlərinin əleyhinədir - Erməni politoloqlar

"Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının qəti əleyhinədir”. 

Qaynarinfo xəbər verir ki, bu barədə politoloq Areq Koçinyan "Azatutyun”un analitik verilişində deyib. O əlavə edib ki, Rusiya bu siyasəti dəyişməyəcək. 

Politoloqun fikrincə, Rusiyanın regional təsirinin əsas mahiyyətindən biri Ermənistan-Türkiyə münasibətlərinin pis olması və ya Ermənistan-Türkiyə münasibətlərinin ümumiyyətlə olmamasıdır.

"Çünki Ermənistan Rusiyanın əsas regional təsir mənbəyidir (ocaqı) və Ermənistanda belə fikir formalaşdırırlar ki, əgər biz getsək, türklər sizi yeyər. Demək olar ki, hazırda Rusiyanın kredosu budur. Bu dəyişərsə, Rusiyanın bütün regional oyunu dəyişər. Ona görə də Rusiya həmişə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının əleyhinə olacaq", - deyə Koçinyan bildirib.

Digər politoloq Stepan Qriqoryan isə əmindir ki, Rusiya bütün kontekstlərdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında maraqlı olmayacaq:
"Biz hamımız başa düşürük ki, Rusiyanın Ermənistanda hərbi bazasının olması nə deməkdir. Bazanın əsas funksiyası ilk növbədə bizi Türkiyənin təhlükələrindən qorumaqdır. İndi əgər sabah münasibətlər yaxşılaşarsa, o zaman sual yaranacaq ki, bölgədə, qonşular arasında sülh bərqərar olubsa, onda Rusiya Ermənistanda nədən hərbi baza saxlayır? Rusiyanın burada marağı var və bundan gələcəkdə bizə qarşı istifadə edə bilər”.

Bir neçə həftə əvvəl rəsmi İrəvan və Ankara ikitərəfli münasibətlərin normallaşması istiqamətində aydın addımlar atmağa hazır olduqlarını bildiriblər. Tərəflər bun üçün xüsusi nümayəndələr təyin ediblər. Yanvarın 14-də Ruben Rubinyan və Serdar Kılıç ilk dəfə Moskvada görüşüblər. Yeri gəlmişkən, danışıqların Moskvada keçirilməsi təklifi ilə Ermənistan tərəfi çıxış edib, Türkiyə bununla razılaşıb, eyni zamanda Ankaranın bundan sonra tərəflərin birbaşa əlaqə yaratmasına üstünlük verdiyini vurğulayıb. 

"Bu görüşlər daimi olaraq üçüncü ölkələrin vasitəçiliyi ilə keçirilməməlidir, lakin elçilər daimi birbaşa təmasda olmalıdırlar. Növbəti görüşlər Ermənistan və Türkiyədə də baş tuta bilər", - Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Qriqoryan bunu düzgün siyasət kimi qiymətləndirib və bunun Ermənistanın maraqları ilə üst-üstə düşəcəyini qeyd edib.

Telman