Siyasət 13:02 03.09.2018

Kremlin özünü Ağ Evə və Yelisey sarayına bərabər tutması...

Hüseynbala Səlimov

"Gürcü arzusu” koalisiyasının lideri, hamının daha çox "boz kardinal” adlandırdığı B.İvanişvilinin silahdaşlarına oktyabr ayında keçiriləcək prezident seçkilərində namizəd irəli sürməmək təkifilə müraciət etməsi etiraf etmək lazımdır ki, bizi xeyli dərəcədə təəccübləndirmişdi, çünki  hakim koalisiyadan bu dərəcədə demokratizm gözləmirdik. 

Düzdür, məsələ tamam bitməyib, son günlərdək koalisiya daxilində başqa fikirlər də səslənirdi. Belə ki, B.İvanişvilinin təklifi heç də hamının ürəyindən deyil, "kardinal”ın parlamentdəki çoxluğun onsuz da hakim partiyaya mənsub olmasını deməsi və prezidentlik institutunun Gürcüstanın dövlət və hökumət ierarxiyasında çox məhdud səlahiyyətlərə malik olması heç də hamya seçkidən kənarda qalmaq üçün ciddi arqument kmi görünmür. 
Amma o da var ki, "Gürcü arzusu” koalisiyası bir neçə dəfə sübut edibdir ki, hakimiyyət onun üçün ən əsas meyar deyil. Buna hamımız elə ötən ay əmin olduq – etirazçıların tələbilə ölkənin baş naziri istefa verdi, halbuki onun nə istefa tələbi qoyulmuşdu, nə də ki, bunu təkid edən güclü bir etiraz dalğası vardı. 

Fəqət, baş nazir istefa verdi və bunun özü də siyasi mədəniyyətin göstəricisi kimi qəbul olunmalıdır, çünki digər post- sovet ölkələrindəki hakimiyyətlərin bəzisi bunu hətta təsəvvür belə etmir və düşünürlər ki, ən kiçik güzəşt də cəmiyyətdə hakimiyyətin zəifliyi təsəvvrünü yaradar və onu digər ciddi tələblərə sövq edər.

Gürcüstandakı seçki prosesinin başqa özəlliyi də var; ən əsas və real namizədlərdən biri M.Saakaşvilinin "adamı” sayılan Q.Vaşadzedir. Bu adamın ciddi ictmai dəstəyə malik olmasını çoxları gürcü cəmiyyətinin M.Saakaşvili dönəmindəki qayda-qanun və daha birmənalı siyasət üçün darıxmasının göstricisi kimi qəbul edir. 

Biz Gürcüstanda olmamışıq və ölkədəki ictimai rəylə tanış deyilik. Amma oraları bilən insanlar etiraf edir ki, M.Saakaşvili dönəmilə bağlı cəmiyyətdə ikili ovqat hökm sürür: bir tərəfdən əksəriyyət Saakaşvilinin müəyyən xidmətlərini etiraf edir, həmin dövrdəki qayda-qanunun xiffətini çəkir, digər tərəfdən deyirlər ki, M.Saakaşvili dövründə gecələr də səksəkə içində yatırdıq, amma indi özümüzü daha rahat və sərbəst hiss edirik. Elə bu səbəbdən də Q.Vaşadzenin şansları ilə bağlı tələsik və eyforik nəticələr çıxarmağa meylli deyilik,- bütün hallarda oktyabr ayına çox qalmayıb, seçki özü hər şeyin cavabını verəcək və hər şeyi yerbəyer edəcək.

Əslində İvanişvili dövrü də Gürcüstan üçün heç də ən ağır illər olmadı, ölkədə stabil inkişaf tendensiyası sezilir. Üstəlik, "Gürcü arzusu” koalisiyası Gürcüstanın xarici siyasət prioritetlərinə də toxunmadı və bu illər ərzində də Tiflis Avropa Birliyi və NATO ilə bağlı regionda ən ardıcıl siyasət yürüdən ölkə kimi qaldı. Amma o, da var ki, koalisiyanın Rusiya ilə bağlı vədləri, münaqişələrlə əlaqəli dedikləri çin olmadı – rus səfirliyi indi də xarici səfirliklərdən birinin ofisinə sığınmaqdadır, Abxaziya və Cənubi Osetiya münaqişləri isə bu gün də həllini gözləyir...

Amma bunlar elə məsələlərdir ki, onları böyük bir uğursuzluq kimi hakim partiyanın aktivinə yazmaq olmur. Moskva ilə münasibətlər, həll edilməyən münaqişələr–məgər digər post-sovet ölkələri də eyni problem yaşamırmı? 

Məgər Dağlıq Qarabağ, Ukrayna və ya Dnestr münaqişəsi həll olunubmu? Təəssüf ki, yox, elə ona görə də "Gürcü koalisiyası”na da  "Bacarmadın!” demək olmur. Bəs niyə heç kim bacarmır? Düşünürük ki, səbəb hamıya bəllidir, hamımız Kreml adlı əngələ ilişmişik. 

Elə ötən günlərdə Azərbyacan və Rusiya prezidentlərinin Soçidəki görüşünü izləyirdk. Əlbəttə ki, Dağlıq Qarabağ mövzusu da diqqətdən kənarda qalmadı. Amma "Rusiya Minsk Qrupunun həmsədri kimi...” ifadələr - ibarələr artıq yorub bizi. Məsələ bundadır ki, Rusiya Minsk Qrupunun adi həmsədrlərindən biri deyil və onun özünü ABŞ və Fransa ilə bərabər tutması qətiyyən düzgün deyil, çünki Kreml post-sovet məkanı içrə etno-territorial münaqişələrin əsas memarı, onların baş müəllifidir. Yetər ki, Kreml bu rolundan imtina etsin, o halda Dağlıq Qarabağ, hətta digər münaqişələr də bircə günün içində həll olunar. 

Kremlsə bunları etmir və etməyi də düşünmür, axımlı ifadələrlə-ibarələrlə məsələnin məğzindən və məsuliyyətdən qaçır. Elə bu səbəbdən də bayaqca dediymiz kimi, nə "Gürcü arzusu”nu qınamaq olur, nə də İvanişvilini–Kreml gah bu, gah da digər siyasi qüvvəni şirnikləndirib ortaya atır, həlledici məqam yetişəndə və masa arxasında oturmaq lazım gələndə isə öz maskasını çıxarır və biz rus siyasətinin rus şaxtasından da soyuq nəfəsini hiss edirik...