Hüseynbala Səlimov
Ölkə 19:46 21.11.2017

Kriminal olayları işıqlandırmalı, ya işıqlandırmamalı?

Hüseynbala Səlimov

Çeynənmiş və bəlkə də çox bayağı bir dərəcədə primitiv görünəcək "fikir”lə başlamaq istərdim növbəti yazımızı: jurnalistika cəmiyyətin aynasıdır... 

Bu səbəbdən də əsl jurnalist üçün hamı maraqlıdır: ən böyük dövlət və siyasət adamından və alimdən tutmuş sonuncu insana qədər...

Mən həmişə siyasi analitika və politologiya ilə məşğul olmuşam və jurnalist–reportyorların fəaliyyəti mənim üçün elə də maraqlı olmayıb. 

Hərçənd, etiraf edirəm ki, biz analitiklər üçün də düşüncə və ya təhlil  materiallarını, necə deyər, "xammal”i məhz onlar əldə edirlər. 

Bu səbəbdən də onların da fəliyyətini tamam görməmək, yaxud nəzərə almamaq mümkün deyil. 

Öz reportajları üçün daha hansı çətinlikləri və maneələri dəf etmək zorunda qalmır həmin reportyorlar? Hansı qınaqlarla üzləşmir, hansı irad və tənələri eşitmirlər, hansı təhlükələrə məruz qalmırlar?

Məsələn, bir vaxtlar oxuyurdum ki, reportyorlar min bir təhlükəni adlayaraq əfqan mücahidlərinin liderlərindən, Bin–Laden kimi təhlükəli terrorçulardan müsahibələr götürürdülər! 

Onlar bu yolda min təhlükə ilə üzləşməli olurdular, qarşılığındasa təriflənmək və ya mükafatlandırılmaq əvəzinə qınaqlara məruz qalırdılar ki, bəs terrorçuları təbliğ və təşviq etməklə məşğulsunuz!

Xüsusən də dövlət və siyasət adamları daim jurnalistlərdən gileyli olurlar. Bir sözü qoyub, o birisinə keçirəm. Elə bu günlərdə Rusiyada əcnəbi media strukturları ilə əməkdaşlıq edən jurnalistlərə "xarici agent” statusu vermək məsələsi qaldırııldı. Bəhanə də budur ki, ABŞ - da bizim KİV-lərlə əməkdaşlıq edənlərə belə status veriblər!..

Halbuki jurnalist hara, agent hara? Düzdür, mənə etiraz edə bilərlər ki, Rixard Zorge kimi jurnalist - kəşfiyyatçılar da olub!.. 

Amma əvvəlcə bir Rixard Zorgenin bioqrafiyasını oxuyun. O, hər şeydən irəli Uzaq Şərq üzrə mütəxəssis və kəşfiyyatçı idi, hətta bundan da əvvəl çox ideyalı kommunist idi! Jurnalistika isə onun üçün siyasi, diplomatik dairələrə və informasiya mənbələrinə yol tapmaq üçün vasitə idi...

Nə isə, qayıdaq jurnalistika üçün qəliblər icad etməkdən usanmayan böyük siyasət memarlarına. Özləri planetar düşüncədən, qloballaşmadan, qlobal liberal islahatlardan–"malların və xidmətlərin, biznesin maneəsiz yerdəyişməsindən” dəm vurur, amma əsas və çox vacib detalı unudurlar ki, qloballaşan dünyada azad informasiya da maneəsiz yayılmalı, ölkələr və xalqlar arasında azad informasiya mübadiləsi təmin edilməlidir!..       
 
Nəhayət, düşünürük ki, bu kiçik giriş bizə ən əsas predmetimizə keçməyə yardımçı olacaq. Ötən həftə kriminal olayların bizim mediada işıqlandırılması və yaxud necə işıqlandırılması məsələsi geniş diskussiya mövzusu oldu. 

Üstəlik, son bir neçə həftənin ən əsas mövzusu da daha çox kriminal olaylarla bağlı olduğu üçün hətta həmin diskussiyalardan bir azca əvvəl  məsələylə bağlı kiçik yazı yazmışdıq. 

Amma bir daha bu predmetlə ilgili düşüncələri götür-qoy edərkən razılaşmalı oldum ki, mənim ona baxışım jurnalistikanın meyarı olmaq iqtidarında deyil.
Birinci yazıda da yazmışdım ki, kriminal dünyanın da insanlarını anlamağa çalışmaq lazımdır və biz onları görməməyə çalışsaq da bu, o demək deyil ki, onlar, ümumiyyətlə, yoxdur! 

Hətta bir daha onu da qeyd etməyi vacib bilirəm ki, elə gerçək həyatımızda azad–xürrəm gəzən, həyatın sözün əsl mənasında ləzzətini çəkən elə cinayətkarlar var ki, kriminal aləmin ən qatı təmsilçiləri belə onların yanında mələk kimi görünə bilər, çünki hətta sonuncularçün də hansısa prinsiplər və ayaqlaya bilmədikləri ali dəyərlər var.

Üstəlik, onu da dərk edirəm ki, prinsipcə, hər bir adamın yolu məhbəsdən keçə bilər. Məgər bu vaxta qədər dünyada azmı siyasi və ictimai fəalın, jurnalistin, hətta yaradıcı insanın yolu məhbəsdən keçib? Məsələn, Ə.Elçibəyin bir sözü vardı ki, məhbəs görməyən siyasət adamı qızılca çıxarmayan uşaq kimidir... 

Bir sözü qoyub, başqasına keçmək də olsa, məhz bununla bağlı elə özümün də bir detal yadıma düşür. Neçə illər bundan əvvəlin söhbətidir. Şəhərdə həbs olunmuş jurnalist həmkarlarmızdan birinin atası ilə rastlaşdım. Çalışdım ki, ona bir təsəlli, toxtaqlıq verim. Amma özünə ən böyük təsəllinini o, elə özü verdi. Qayıtdı ki:” Neyləmək olar? Həyatda kişi üçün məhbəs də var...”!

Sözsüz, belə yanaşma izafi dərəcədə sərt görünə bilər. Üstəlik, deyim ki, belə hallara daha çox anormal və yaxud da hələki normal sayıla bilməyən ölkələrdə təsadüf olunur. Normal ölkələrdə isə jurnalistin, siyasi və ictimai fəalın və yaxud da yaradıcı insanın öz fəaliyyətilə ilgili, bilavasitə fəaliyyət sferası ilə bağlı məhbəsdə nə işi var ki?!.   

Ölkələr və dövlətlər normal duruma gəldikcə, elə məhbəslər də "ixtisaslaşır” və tamamilə kriminalların məkanına çevrilir. Amma bu proses nə vaxt bitəcəkdir? İndi dünyanın 200-ə qədər dövlətinin neçəsini belə normal dövlət saymaq olar?

Elə bu səbəbdən bir daha razılaşıram ki, məhbəs və ya məhkum məsələsinə hamımız bir az anlaşıqla yanaşmağa məhkumuq. Amma yenə deyirəm ki, sadəcə, məhbəs və məhkumluq həyatı yaşamaq bir şeydi, sırf kriminal aləmsə başqa! 

Düzdür, bəzən iki statusu ayıran "divar” o qədər nazik olur ki, hətta bu fikri də korrektə etməli olursan. Amma bütün hallarda, onları tamamilə eyniləşdirməyə də gərək yox. 

Fəqət, kriminal dünya və onun simaları da bir reallıqdır. Hətta jurnalistlər bu haqda yazmasa, danışmasa və ya göstərməsə bu, o demək deyil ki, onlar yoxdur!

Belə hal daha çox sovet jurnalistikası üçün xarakterik idi. Sovet jurnalistikası bəzən bütün ölkənin xəbərdar olduğu olayları görməməyə çalışır və üstündən sükutla keçirdi. Amma sovet insanları bu hadisələrdən xəbər tutmurdumu? Yox, xəbərdar idilər və hər şeyi gözəl bilirdilər. 

Üstəlik, belə yanaşmanın hansısa profilaktik və yaxud tərbiyəvi nəticələri vardımı? Təbii ki, yox idi. Əksinə, o, jurnalistikaya inamı bir az da sarsıdır və insanların qaranlıq mövzulara, tabulara marağını azacıq da artırırdı.

Ona görə də "Kriminal olayları işıqlandırmaq lazımdırmı?” sualının cavabı birmənalıdır: əlbbəttə ki, lazımdır! Eləcə də "Krminal dünyanın avtoritetlərindən yazmaq olarmı?” sualına cavab da aydındır: bundan da yazmaq olar...

Bir daha deyirik ki, biz onlardan yazmasaq, danışmasaq və ya göstərməsək, o demək deyil ki, onlar mövcud deyillər! Sadəcə, müəyyən meyarlar olmalıdır. Məsələn, biz durub kriminal avtoritetlərin "mətbuat xidməti” rolunu oyanaya bilmərik... 

Bütün olaylar və baş verən hadisələrsə işıqlandırılmalıdır. Bircə düzəlişlə ki, belə fəaliyyət zamanı ən azı dünya jurnalistikasının hazırda mövcud olan meyarlarını untmaq lazım deyil: zorakılığı, qəddarlığı və bu kimi halları işıqlandıranda bir az ehtiyalı olmaq lazımdır, çünki onlar insanlarda neqativ emosiya, qorxu və ya təlaş yaradır. 

Xüsusən də nəzərə alaq ki, bu cür informasiyaları gənclərimiz və ələlxüsus da uşaqlarımız oxuyur. Bunlar isə bir daha diqqətli olmağımızı tələb edir. 
Elə etməliyik ki, kriminal dünya bizim uşaqlarımızda romantik və cəlbedici bir aləm təəssüratı yaratmasın və kriminal avtoritetlər onların həyat idealına, yaxud da qəhrəmanlarına çevrilməsinlər...

Qaynarinfo.Az