İdman 10:24 22.11.2014

Kriminallaşan Premyer Liqa


Azərbaycan futbolunun durumu bizim düşündüyümüzdən də acınacaqlıymış

 Amal ABUŞOV,
Sport7.Az


“Bakı”-“Qarabağ” qarşılaşmasının fasiləsində bir məqam diqqətimi cəlb etdi. Xeyli düşündürücü idi: Meydana çıxan komandalardan biri əsasən yerli gənclərdən qurulmuş “Bakı”, digəri Avroliqanın qrupunda mübarizə aparan, heyətində Reynaldo və Almeyda kimi top ustaları olan “Qarabağ”.

Fasiləyə qədər meydanda güzəştsiz mübarizə, bir-birindən gözəl dörd qol izləmişdik. Gənclər adlı-sanlı rəqibindən çəkinmir, onların hər hücumuna hücumla cavab verir, “köhlən atlar” hesabda irəli çıxan kimi “zolaqlılar” cavab qolu vurur...

Baxımlı və çəkişməli futbol adına bundan vacib nə ola bilər? Amma tribunalardakı azarkeşlərin sayı, fanatların yaratdığı ab-hava bu gözəlliyə adekvat deyil. Soyuq havada üşüyən azarkeşlər fasilədə isinmək üçün yaxınlığdakı çayxanaya yollandılar. Məlum oldu ki, tribunalarda bir çayxananı dolduracaq qədər azarkeş varmış. Əlbəttə, bir azca mübaliğəyə yol verdiyimin fərqindəyəm. Amma üç aşağı, beş yuxarı azarkeşlərin sayı elə o qədər olardı. Əvəzində meydançanın ətrafında polisin post-patrul maşınları sıraya düzülmüşdülər. Yalan olmasın, “Bakı”nın bazasında futbola baxmağa gələn sıravi insanlardan daha çox asayiş keşikçisi vardı. Əlimi telefona atdım, polis avtomobillərindən ibarət karvanın şəklini də çəkdim. Özümə sual verdim ki, əcaba, bu polislər kimi kimdən qorumağa gəliblər? Ürəyimin dərinliklərində onları qınadım belə.

Amma oyundan sonra baş verənləri görüncə, fikrimdən daşındım. Başa düşdüm ki, nəticə çıxarmağa tələsmişəm. Kim bilir, polislər mane olmasaydı, “Bakı”nın türkiyəli çalışdırıcısı İbrahim Uzunca final fitindən sonra Orxan Məmmədova, yaxud da onun köməkçilərindən birinə xəsarət yetirəcəkdi. Dərhal da sayları 5-10 nəfərdən ibarət olan azarkeş qrupları arasında sözlü atışma, qarşıdurma baş verdi. Yenə də polislər araya girib, olayın böyüməsini əngəllədilər.

Qaş qaralanda xəbər aldım ki, “İnter Arena”da da xoşagəlməz hadisələr baş verib. “Bankirlər”in gürcü çalışdırıcısı Kaxaber Tsxadadze “Xəzər Lənkəran” üzərində qələbəni qeyri-etik jestlə “əlamətdar” etmək fikrinə düşüb. Onun bu jesti qarşı tərəfin xoşuna gəlməyib, cənubluların idman direktoru Yunis Hüseynov Kaxanı yerindəcə cəzalandırmağa cəhd edib.

“Şükür, xəta-bəlasız ötüşdük” deməyə hazırlaşırdım ki, Zaqataladan gələn xəbərlərlə əhvalım korlandı. “Neftçi” məğlub ola, dava düşməyə? Hələ Azərbaycan futboluna bu cür xoşbəxtlik nəsib olmayıb. Bu dəfə hadisələrin mərkəzində paytaxt təmsilçisinin köhnə-yeni kadrı sayılan Elnur Əşrəfoğlu olub. Qəribədi ki, o, yenilginin günahkarı kimi Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovu görürmüş, acığını ondan çıxmağa çalışıb. Gülərsənmi, ağlarsanmı?

“Araz Naxçıvan”ın Premyer Liqanı tərk etməsiylə elitada doqquz komanda qaldı. Bundan sonra hər tur cəmisi dörd oyun baş tutacaq. Siftəni yaxşı başlamadıq. Vur-tut, dörd oyun keçirilə, onun da üçündə dava-dalaş düşə, polisin köməyinə ehtiyac duyula?

Azərbaycan futbolunun durumu bizim düşündüyümüzdən də acınacaqlıymış. Belə getsə klub rəsmiləri, məşqçilər və hakimlər bir-birinə müharibə elan edəcəklər. Hakimlərin final fitindən sonra meydana müstəntiqlər, təhqiqatçılar çıxacaqlar. “Kim kimi birinci vurdu”, “birinci kim söyüş söydü” tipli sualların ardı-arası kəsilməyəcək. Halbuki hər şey tamam başqa cür də ola bilər.

“Bakı”nın baş məşqçisi İbrahim Uzunca qəbul etmək istəmir ki, onun yetirmələri fiziki cəhətdən “Qarabağ” kimi rəqiblə sonadək başabaş mübarizə aparmağa hazır deyil və bu səbəbdən bərabərlik hesabını yalnız 70-ci dəqiqəyə kimi qorumaq mümkün oldu. Reallıqla barışsaydı, azarkeşləri qızışdırmasaydı, hakimlərə hücum etməsəydi dünya dağılacaqdı?

Yaxud Kaxabar Tsxadadze uzun sürən qələbə həsrətinə son qoyandan sonra sevincini normal qaydada yetirmələriylə bölüşsəydi, üzgün olan rəqibinin əlini sıxaraq təskinlik versəydi, indi hamı onu alqışlamırdımı?

Elnur Əşrəfoğlu Xəqani Məmmədova hücum etmək əvəzinə aldıqları yüzminlərin qarşılığını verməyən harın legionerlərdən haqq-hesab tələb etsəydi, müşaviri olduğu Sadıq Sadıqova hesabat vermək üçün soyuq başla məğlubiyyətin səbəblərini araşdırmağa çalışsaydı, adı idman mətbuatında iztehza obyektinə çevrilərdimi?

Üzümü bu tur baş verən davaların iştirakçılarına, eləcə də onların əməllərindən dərs çıxarmalı olan digərlərinə tuturam. Özünüzə kənardan baxın, hərəkətlərinizi götür-qoyun edin. Sizin sayənizdə Azərbaycan futbolu ciddi şəkildə kriminallaşıb, az qalal 20 il geriyə qayıtmışıq. Ayıbdır, günahdır. Futbolumuzun adı dünya sıralamasında dibə vurub, Mozambikə, Cəbəllütariqə tay olmuşuq. Əl-ələ verib, ölkəmizin adını quyunun dibindən çıxarmalıyıq. Bunun üçünsə Azərbaycan futbolu sağlam rəqabətin müşayətiylə inkişaf etməlidi.

Papağınızı önünüzə qoyun, yaxşı-yaxşı fikirləşin!

Sport7.Az