Video 10:29 23.07.2019

Körpələr kənar cisimlər udarkən nə etməli? - Həkim məsləhəti (VİDEO)

Uşağın udduğu kənar cisimlər: bəzən yalnız endoskopik şöbədə kənarlaşdırılır.

Yay fəsli hər bir valideyn üçün əlavə problem yaradır. Müxtəlif çeşidli meyvə yeyən, azad vaxtını küçədə keçirən uşaqlarda tez-tez çəyirdək və toxumların, hansısa kənar cisimlərin udulması aktuallaşır. Bu tip kənar cisimlər bəzən uşağın tənəffüs yolunda, bəzən isə mədə-bağırsaq sistemində ilişib qalır, həkim müdaxiləsi qaçılmaz olur. 

Qastroenteroloq-endoskopist Farmiz Əliyev Qaynarinfo.az saytına açıqlamasında bildirib ki, kənar cisim nəfəs yollarında iltihab prosesini işə salır: 
"1-3 yaşlı körpələrin nəfəs yolunda kənar cisimlərin ilişib qalması tez-tez rast gəlinən haldır. Bu yaş qrupuna aid olan uşaqlar artıq müstəqil hərəkət etdiklərindən onları əhatə edən əşyalara xüsusi maraq göstərirlər. Oyun zamanı, güldükdə və ya ağladıqda uşaq xırda əşyaları asanlıqla uda bilər. 
Daha yuxarı yaş dövründə belə hallar dəcəllik, düşünülməmiş addım və bədbəxt hadisə səbəbindən baş verir. Kənar cismin nəfəs yoluna düşməsi 50 faiz halda bilinmir. Demək olar, həmişə kənar cisim nəfəs yollarında iltihab prosesini işə salır”. 
 


Həkim uşaqlardakı kənar cisimlərin 70-80 faizinin üzvü tərkibə malik olduğunu vurğulayıb: 

"Bu, müxtəlif toxumlar, yəni günəbaxan, qarpız, balqabaq kimi, daha sonra qozlar, lobya, noxud, ot, qida qalıqları, daha çox balığa aid olan sümüklər, yumurta qabığıdır. 

Qeyri-üzvü mənşəyi olan kənar cisimlər daha çox kiçik uşaq oyuncaqlar, plastmas, metal, şüşə, sintetik forma və ölçülü əşyalar, mismar, şurup, basmadüymə, sancaq, düymə formasında olur. Nəfəs yoluna düşmüş əşyalar öskürək tutması, hərdənbir dərhal baş tutan nəfəs çatışmazlığını törədirlər. Bəziləri nəzərdən qaçır və çox müddət sonra özünü pnevmoniya, atelektaz və digər ağırlaşma formasında təzahür edir. 

Təngnəfəslik, səsli tənəffüs, dərinin rənginin göyərməsi, qızarması kimi hallar müşahidə edilir. Nəfəs yoluna düşən əşyalardan əlavə kiçik yaşlı uşaqlar həm də kiçik həcmli əşyaları udurlar. Bu əşyalar adətən təbii yolla orqanizmdən kənarlaşır, amma bəziləri orqanizmdə uzun müddət qalır və ciddi ağırlaşmaya gətirib çıxardır. 

Batareya, maqnit, dəmir pul, nişan, kimyəvi aktiv mayelərin udulması halları ilə rastlaşırıq. Təmizləyici vasitələr, paltaryuyan tozlar, qida turşuları da uşağın həzm sisteminin ağır formada zəhərlənməsinə və ya kimyəvi yanığa səbəb ola bilər”. 

Farmiz Əliyev qeyd edib ki, böyüklər uşaqlara yemək zamanı diqqətin yayınmasına, gülməyə, danışmağa icazə verməməlidirlər:

"Kiçik yaşlı uşaqların xırda əşyalarla oynamağına, oyun zamanı qida məhsulları və digər əşyaların ağıza aparılmasına qadağa qoymaq lazımdır. Karamel konfet, saqqız da verilməməlidir. Uşaq üçün qida hazırlayarkən kiçik ət və balıq sümüklərini, toxum və meyvə çəyirdəyini kənarlaşdırmaq gərəkdir. Orqanizmə kənar cisim düşərsə, valideyn dərhal onu kənarlaşdırmağa çalışmalı və təcili tibbi yardım briqadasını çağırmalıdır.                                                                             
Çox zaman ilişib qalmış kənar cisim endoskopik şöbədə diaqnostika edilir və çıxardılır. Bunun üçün endoskopla yeridilən əlavə alətlər istifadə edilir. Bu, ”siçovul dişi” adlanan kəlbətin, ilgək-tələ və digər vasitələrlə əldə edilir”. 
 

 
Pediatr Ləman Səlimova kənar cisimlərin udulmasının uşaqlar üçün təhlükəli hal yaratdığını bildirib:

"Çəyirdəksiz meyvələr kimi çəyirdəkli meyvələrin də uşaq orqanizmi üçün bir çox faydası var. Biz, bir yaşdan yuxarı uşaqlara albalı və ağ gilasın qəbulunu məsləhət görürük. Bu yaşdan sonra meyvənin tərkibindəki vitaminlər daha çox qana sovrulur. 

Lakin bəzən analar uşaqlara bu meyvələrin çəyirdəyini təmizləmədən verirlər. Məhz bu səbəbdən uşaqların boğazında kənar cismin ilişməsi halları baş verir. Bəzən uşaqlar çəyirdəyi burun dəliyindən də içəri daxil edə bilir”. 

Pediatr qeyd edib ki, bu kimi hallarda valideynlər mütləq həkimə müraciət etməlidir: 

"Çəyirdək burun dəliyində və ya boğazda qaldıqda valideynlər mütləq həkimə müraciət etməlidirlər. Ağ gilas və ya albalının çəyirdəyi boğazda, burun dəliyində qaldıqda çətinlik törədir. Bəzən bu hallarda kiçik əməliyyatlar da icra olunur. 

Kənar cisimlər, xüsusən qəpiyin udulması da olduqca təhlükəli haldır. Çünki kənar cisim boğazda qalaraq infeksiya əmələ gətirir. Bu infeksiyalar ürəyə və böyrəyə fəsadlar verə bilər. Boğazda qalan qəpik orada irinləşir, irinlər isə daxili orqanlara yayıla bilir. Həmçinin yad cisimlər nəfəs çatışmazlığı, tənəffüs pozğunluğu əmələ gətirə bilər”. 

Ləman Səlimova valideynləri diqqətli olmağa səsləyib: "Valideynlərə əsas tövsiyəm odur ki, çəyirdəkli meyvələrin qəbulunda diqqətli olsunlar. Meyvələri özləri təmizləsinlər. Müasir dövrdür, müxtəlif avadanlıqlar vasitəsi ilə meyvələri təmizləyib uşaqlara təqdim edilməsi daha məqsədəuyğundur. Bu, həm də həzm üçün yaxşıdır”.