Foto 17:39 08.05.2019

Küdrü düzündə çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri aparılır (FOTOLAR)

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin mütəxəssisləri tərəfindən aprelin ikinci ongünlüyündən etibarən İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonlarını əhatə edən Küdrü düzü ərazisində Mərakeş çəyirtkəsinə qarşı fitosanitar müşahidə və kimyəvi mübarizə tədbirləri həyata keçirilir.

Nazirlikdən Qaynarinfo-ya bildirilib ki, hər il olduğu kimi cari ildə də Dövlət Fitosanitar Xidməti tərəfindən çəyitkəkimilərlə mübarizə tədbirlərini vaxtında və keyfiyyətli təşkil etmək məqsədilə ultra kiçikhəcmli çiləyici aqreqat quraşdırılmış maşın-mexanizmlərdən istifadə edilir. Bu da kənd təsərrüfatı məhsullarına dəyən zərərin qarşısının alınmasında mühüm rol oynayır.

Aprelin ikinci ongünlüyündən etibarən bugünədək Küdrü düzü ərazisini əhatə edən ümumilikdə 58 min 80 hektar sahədə fitosanitar müşahidələr aparılıb, 32 min 65 hektar sahədə çəyirtkələrlə sirayətlənmə aşkarlanıb və 9 min 800 hektar sahədə isə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Qeyd edilən tarixdə İmişli rayonu ərazisini əhatə edən 31 min 750 hektar sahədə fitosanitar müşahidələr aparılıb, 20 min hektar sahədə zərərvericilərlə sirayətlənmə aşkar edilib və 5 min hektar sahədə kimyəvi mübarizə aparılıb. Mübarizə zamanı Alfa-sipermetrin tərkibli Chrysamed Dedex 10 faiz EC və sipermetrin tərkibli Arrivo 25 ES preparatlarından, eləcə də "AU 8115M" markalı ultra kiçikhəcmli çiləyici aqreqat quraşdırılmış Pikap tipli avtomobillərdən və ventilyatorlu 2000 l həcmli çiləyicilər qoşulmuş traktorlardan istifadə edilib.

Mübarizə tədbirləri aparılan ərazilərdə əvvəlcədən xəbərdaredici nişanlar qoyulub, təsərrüfat sahibləri, fermerlər və ətraf kəndlərin sakinləri arasında maarifləndirmə tədbirləri həyata keçirilib, eyni zamanda, onlara mübarizə tədbirlərinin əhəmiyyətini əks etdirən və çəyirtkəkimilər haqqında tərtib olunmuş broşürlar paylanılıb.