Ölkə 16:57 07.03.2020

Külək məktəbin, ticarət obyektlərinin damını uçurdu

Ötən gün axşam saatlarından başlayan güclü külək Xaçmaz rayonunda bir sıra fəsadlar törədib.

APA-nın məlumatına görə, rayonun Əhmədoba kənd məktəbinin damı uçub.

Rayonun Qaradağlı kənd məscidinin yardımçı tikilisinin, habelə Qaracəlli kəndində yaşayış evinin və Xaçmaz-Quba yolunda yerləşən bir neçə ticarət obyektinin damını uçurub. Bəzi ərazilərdə güclü külək elektrik dirəklərini aşırıb və ağacları kökündən çıxarıb. Rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində problemlər yaranıb.

Küləyin aşırdığı işıq dirəyi və ağac iki avtomobilə ziyan vurub. Hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının qarşısında dayanan "VAZ 2106" və "QAZ 3110" markalı avtomobillərin üzərinə işıq və ağacın aşması nəticəsində hər iki maşına ciddi ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.