Dünya 14:49 13.09.2019

Türkiyədə görünməmiş aksiya: Kürd qadınlar tələb edir ki...

Türkiyənin Diyarbakır şəhərində Ayşegül Biçer adlı qadın oğlunu PKK terror təşkilatından azad etmək üçün dinc nümayişə başlayıb.

Qaynarinfo Hurriyet-ə istinadən xəbər verir ki, 3 sentyabrdan bəri Xalq Demokratik Partiyasının (HDP) qarşısında nümayişə davam edən A.Biçer bildirir:

"Aksiyaya başlayanda "Ya zəfər, ya ölüm" demişdik. Yenə təkrarlayırıq, ya qələbə qazanacağıq, ya qələbə qazanacağıq".

Daha əvvəl Hacire Akar adlı qadın övladı üçün belə bir mübarizəyə başlamışdı. H.Akarın 22 avqustda başlatdığı oturaq aksiya 24 avqustda nəticə vermiş və övladına qovuşmuşdu. 

Hacire Akarın addımını nümunə alan Fevziye Çetinkaya, Remziye Akkoyun, Saliha Edizer və digər valideynlər də nümayişə qoşulub. 

A.Biçer bildirir ki, 17 yaşlı övladı 11 ay əvvəl HDP binasına girib və itkin düşüb. Daha sonra oğlunun Suriyada HDP terror təşkilatının əlində olduğunu öyrənib. 

Saliha Edizerin övladı isə 2015-ci ildə 14 yaşında yoxa çıxıb. O bildirir ki, oğlu məktəbdə çalışqan şagird olub və orta təhsilini bitirməyə az qalmış HDP-nin yardımı ilə dağa göndərilib. Ana övladını çətinliklə böyütdüyünü, onun təhsilə, başını rahat yastığa qoymalı olduğunu deyərək oğlunu geri istəyib.

Necla Çurun oğlu 4 il əvvəl 15 yaşında Ağrıdan qaçırılıb. N.Çur oturaq aksiyada həyat yoldaşı ilə birgə iştirak edir. O, HDP və PKK-nın eyni olduğunu deyərək heç kimdən qorxmadığını, övladını geri istədiyini deyib.

Diyarbakırdan aksiyada iştirak edən Fatma Akkuşun qızı Songül 5 il əvvəl 15 yaşı olarkən itkin düşüb. O, 2 ay əvvəl sosial mediada qızının terrorçu paltarında fotosunu görüb.