Video 12:31 01.12.2020

Laçının işğaldan azad olunması münasibətilə çəkilən sənədli film (VİDEO)

Rejissor Xaliq Dünyamalıyev Laçının işğaldan azad olunması münasibətilə "Bir uşağın ömrü" adlı sənədli film çəkib. 

Qaynarinfo xəbər verir ki, film erməni işğalı nəticəsində Laçın rayonundan 1992-ci ildə məcburi köçkün düşmüş uşaqların iztirab dolu həyatından bəs edir.

Film ermənilərin işğalçılıq siyasəti nəticəsində ailənin çörəyi təndirdə qalması, yanan sobaların sönməsi və uşağın silah səsindən qorxaraq yuxudan oyanması kadrları ilə başlayır. Bundan sonra onların məşəqqətli məcburi köçkün həyatları başlayır. 28 il davam edən köçkünlük illəri Ağcabədi rayonunun "Taxta körpü" ərazisində, çadırlarda, yeraltı qazmalarda, torpaq kərpiclərdən olan daxmalarda yaşayan uşaq və orta yaşlı insanların yaşamını əks etdirən kadrlarla yanaşı, vətən həsrətində olan yaşlı insanların məşəqqətli həyatları yer alıb. Laçın rayonundan məcburi köçkün düşmüş böyük bir elin 28 il ərzində bu ərazidə böyük məzarlığı da yaranıb. Laçın rayon Vağazin kənd inzibati ərazi vahidində yerləşən Kalafalı və Bozgüney kəndlərinin sakinləri Taxta-Körpü ərazisində beş fermada yerləşiblər. Hər bir fermanın faciəvi görüntüsünün sonunda yaşlı qadın bayatı deyir. Eyni zamanda film ərazinin yol xəritəsinin üzərində çəkilib.

Filimdə Qara Qarayevin və Üzeyir Hacıbəyovun əsərlərindən, xalq mahnılarından istifadə olunub.

Qeyd edək ki, sənədli filminin rejissoru Xaliq Dünyamalıyev 1983-cü ildə Laçın rayon Vağazin kəndində anadan olub. 1990-cı ildə doğulduğu kənddə birinci sinifə gedib. 18 may 1992-ci ildə - Laçın rayonunun işğalından sonra məcburi köçkün kimi Ağcabədi rayon "Taxta-körpü" ərazisində məskunlaşıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Laçın Dövlət Rəsm Qalereyasının direktorudur.

Qaynarinfo filmi təqdim edir: