İdman 23:28 25.08.2013

Lənkəranda ara qarışdı: 15 yaralı - YENİLƏNİB

22:40

Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşması başa çatıb. Fanat.az xəbər verir ki, "Böyük oyun"dan sonra ev sahibi azarkeşlər stadionu yandırıb.


Belə ki, "ağ-yaşıl" azarkeşlər fakerləri yandıraraq qonaq azarkeşləri olan tribunaya atıb. Bunun da nəticəsində tribunalar alışıb.

Əməkdaşımızın verdiyi məlumata görə artıq stadionda baş verən yanğının qarşısı alınıb. Lakin cənublular hələ də stadionu tərk etmək istəmir. Belə ki, polis qüvvələri azarkeş kütləsini stadiondan uzaqlaşdıra bilmədiyindən hadisəyə Daxili Qoşunların əsgərləri müdaxilə etməli olub.

Anspress-in Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu zaman azarkeşlərlə asayiş keşikçiləri arasında toqquşma baş verib. Nəticədə Daxili Qoşunların 3 əsgəri, 1 polis əməkdaşı və bir azarkeş yaralanıb.

Lənkəran Şəhər Mərkəzi Stadionunda gərginlik hələdə davam edir.


23:17


Fanat.az-ın Lənkərana ezam olunmuş əməkdaşının verdiyi xəbər görə əsgərlərlə azarkeşlər arasında insident 40 dəqiqəyə yaxın davam edib.

Azarkeş kütləsini dağıtmaq üçün hərbiçilər göz yaşardıcı qazdan istifadə edib. Azarkeş kütləsi əsgərləri stdionun kənarında "daş yağışı"na tutub. Bir neçə hərbi xidmətçi yaralanıb.

Atılan qaz bombası mətbuat nümayəndələrindən də yan keçmədyib. Jurnalistlərin zərər çəkməməsi üçün hadisə yerindən uzaqlaşdırılıblar.


23: 28

Lənkəran Şəhər Mərkəzi Stadionunda asayiş keşikçiləri vəziyyəti nəzarət altına alsa da, hələ jurnalistlər və "Neftçi" azarkeşləri stadionu tərk edə bilməyib. ANS PRESS-in Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, azarkeşlərdən 28 nəfər saxlanılıb və saxlanılanların böyük əksəriyyəti "Xəzər Lənkəran"lı fanatlardır.

Yaşanan insident nəticəsində 10 yaxın əsgər, 1 polis əməkdaşı və bir-neçə azarkeş yaralanıb. Yaralanan əsgərlərin əksəriyyəti gözyaşardıcı qazdan zəhərlənib. Verilən məlumata görə, Lənkəranda baş verən insident birbaşa olaraq daxili işlər nazirinin müavini Vilayət Eyvazovun nəzarətindədir.


Qaynar.info