Video 12:25 12.11.2018

Lənkəranda sel fəlakəti: 3 ailə təxliyyə edildi (VİDEO)

Lənkəran rayonunda ötən gecədən başlayaraq intensivləşən leysan xarakterli yağış fəsadlar törədib. 

Qaynarinfo Report-a istinadən xəbər verir ki, təbii fəlakətdən daha çox rayonun dağətəyi kəndlərində yaşayan sakinlər ziyan çəkiblər. 

Belə ki, dağ çaylarının daşması və yuxarı ərazilərdən gələn sel suları yolları və həyətləri basıb. Rayonun Bürcəli, Xanbulan, Yuxarı Nüvədi, Səpnəkəran, Şovu və digər dağətəyi kəndlərində yollarda hərəkət çətinləşib. Avtomobillər yollarda qalıb. Bəzi ərazilərdə selin gətirdiyi torpaq və lil qatı evlərə dolub. Ayrı-ayrı təsərrüfatlarda vətəndaşlara xeyli ziyan dəyib. 

Rayonun Bürcəli kəndində sel sularının evə dolması səbəbi ilə 3 ailə təxliyyə edilib. 

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzindən "Report"un yerli bürosuna bildirilib ki, rayon ərazisində iki süni gölün daşma təhlükəsi var. 

Qeyd edək ki, Lənkəran rayonunda yağıntının miqdarı normadan çox 99 mm/dəqiqə olub.