Xəbər lenti

Leriklilərdən fərqli etiraz AKSİYASI
Ölkə 15:05 17.06.2013

Leriklilərdən fərqli etiraz AKSİYASI

Lerik rayonunun bir qrup ictimai fəalı sosial şəbəkələr vasitəsi ilə xalqa müraciət edib. Buna səbəb rayonda baş verən problemlər və yolların bərbad vəziyyətdə olmasıdır. 

Qaynar.info xəbər verir ki, onlar facebook sosial şəbəkəsində "Lerik" səhifəsi yaradaraq, "Lerikdə yol probleminin həlli üçün 10 000 imza" adlı kampaniyaya start veriblər və hər bir azərbaycanlını bu etiraz kampaniyasında iştirak etməyə çağırıblar. 

Leriklilərin sosial şəbəkələr vasitəsi ilə xalqa ünvanladıqları müraciətdə bildirilir ki, bu kampaniyanın başlanmasına səbəb Lerikdə illərdir yolların bərbad vəziyyətdə olmasıdır. 

Onların sözlərinə görə, 14 km-lik VERİ-PİRAN yolu da bərbad gündədir. Dəfələrlə rayon rəhbərliyi və rayonun deputatı İqbal Məmmədov tərəfindən bu yolun düzəlməsi ilə bağlı vəd versə də, indiyə qədər bu vədlərə əməl olunmayıb.

Sakinlər bildiriblər ki, bu gün ağır sosial səbəblərdən kəndlərdə yaşayan əhali kütləvi şəkildə evlərini tərk edərək Bakıya köçür: "Bu 14 km-lik yol probleminin həll olunması Veri, Babakücə, Əliabad, Küsəkəran, Qələbin, Tikəband icra nümayəndəliyinə daxil olan Təndül, Dico, Dəvrədibi kəndlərinin yol probleminin həll olunması deməkdir. Ancaq təəssüflər olsun ki, problem həllini tapmır". 

Lerik sakinləri problemlə bağlı dövlət qurumlarına, əgər baxılmazsa, beynəlxalq təşkilatlara müraciət edəcəklərini də istisna etməyiblər. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->