Ekonomiks 15:36 10.02.2016

Ləğv edilmiş bankdan borclulara XƏBƏRDARLIQ

Bank son açıqlamanı edib.

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Qərarı ilə “Texnikabank” ASC müflis elan edilib və iflas prosedurunu başlanılıb.  “M.M.M. Perfekt Konsaltinq” MMC ləğvedici təyin edilib. Qərar dərhal icraya yönəldilib. 

Bu barədə “Texnikabank”-dan Oxu.Az-a bildirilib. 

Banklar haqqında qanunun 72-ci maddəsinə əsasən bildiririk:

-  bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur;

-  banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır;

-  bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür;

- qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir;

- bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır;

- Bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir.

Bankdan qeyd edilib ki, ləğv prosesində olan “Texnikabank” ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi tədbirlər görüləcəkdir. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.

“Texnikabank” ASC qarşısında öhdəlikləri olan şəxslər borclarının ödənilməsi və ya məlumat almaq üçün, Bankın Baş ofisi ilə yanaşı filial və şöbələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/1nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilmişdi. 

Qaynar.info