Ölkə 14:35 24.12.2017

Ləğv edilmiş universitetlər: On minlərlə tələbə ortada qalıb

Azərbaycanda son 22 ildə 22 ali təhsil müəssisəsi fəaliyyətini dayandırıb. Bu iddia ilə, təhsil eksperti Kamran Əsədov çıxış edib.

Sözügedən iddia ilə bağlı "Cümhuriyət” qəzetinin suallarını cavablandıran Kamran Əsədov bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, ölkədə yaranmış boşluq xarici ölkələrin həm siyasi, həm iqtisadi, mədəni, elmi və digər sahələri üzrə maraqlarının meydana çıxması ilə müşayiət olundu:

"Bu zaman Rusiyanın, Türkiyənin, Dərbəndin, Dağıstanın, Ukrayna və başqa ölkələrin nümayəndələri ölkədə universitetlər açmaqda maraqlı olduqlarını ortaya qoydular. Amma zaman keçdikcə bu ali təhsil müəssisələrinin ancaq bina və partadan ibarət olduğu məlum oldu. Heç bir infrastrukturu, kadr potensialı olmayan bu təhsil ocaqları tələbələrin təhsil haqları hesabına öz biznes maraqlarını təmin etməyə çalışırdılar”.



Ekspert qeyd edib ki, fəaliyyətini dayandırmış universitetlərin hamısını özəl hesab etmək olmaz:

"Keçmiş illərə baxdıqda universitetlərin fəaliyyətini davam etdirməməsi bir neçə formada həyata keçirilib. Ya universitet müflis elan edilib, ya digər universitetə birləşdirilib, ya Azərbaycanda fəaliyyət göstərmək üçün sənədləri qaydasında olmayıb, yaxud da təsisçiləri fəaliyyəti davam etdirməkdən imtina edib. Bir neçə il əvvəl Azərbaycan Müəllimlər İnstitutu ləğv olundu. Onun bütün infrastrukturu Azərbaycan Dövlət Pedaqoji Universitetinə verildi. Bu proses digər universitetlərdə də həyata keçirilib. Belə ki, Qafqaz Universitetinin bazasında Bakı Mühəndislər Universiteti yaradıldı.Mingəçevirdə iki universitet birləşib yerində Mingəçevir Dövlət Universiteti yaradıldı.Yəni, fəaliyyətini dayandırmanı təkcə özəl universitetlərə şamil etmək olmaz.

Lakin fəaliyyəti dayandırılmış dövlət universitetlərindən fərqli olaraq, bu halın baş verdiyi özəl universitetlərdə təhsil alan tələbələrin vəziyyəti və taleyi fərqli olub. Daha çox özəl universitetlər TQDK-dan kənar qəbullar, qanunsuz tələbə köçürülməsi həyata keçirdiyi üçün fəaliyyətinə xitam verdikdə onların məzunlarına və tələbələrinə ciddi problemlər yaranır.Buna misal olaraq Azərbaycan Beynəlxalq Universitetini göstərmək olar. Hələ indi də bu universitetdə təhsil alan, dərslərdə iştirak edən, 4-5 il ərzində təhsil haqqı ödəyən 10 minlərlə insan ortada qalıb və ya aldıqları diplomlar rəsmi bazada olmayıb”.

Kamran Əsədov hesab edir ki, özəl universitetlərin fəaliyyətini davam etdirməməsinə səbəb onların sağlam rəqabətə davamlı olmamalarından qaynaqlanır:

"Özəl universitetlər daha çox qeyri-qanuni yollara üstünlük verdikləri üçün, ölkədə yaradılmış sağlam rəqabət mühiti onları bu sahədən uzaqlaşmağa məcbur edir. Hələ də ölkədə 30 mindən çox azərbaycanlı tələbə fəaliyyətini dayandırmış universitetlərin yaratdığı problemləri yaşayır.Hazırda Təfəkkür Universitetinin də taleyi barədə rəsmi mövqe yoxdur. Bu il həmən universitetə tələbə qəbulunun aparılmaması ciddi narahatlıq doğurur. Buna baxmayaraq Təfəkkür Universitetinin də tədris ili davam edir”.