Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə noyabrın 13-də Bakıda, Gənc Tamaşaçılar Teatrında "Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Beynəlxalq Paralimpiya Komitəsinin təmsilçiləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Heydər Əliyev Fondunun və Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən və özünəməxsusluğu ilə seçilən tədbirdə fiziki məhdudiyyətli insanların həyat hekayələri kölgə teatrı, ultrabənövşəyi şou və pantomima tamaşaları vasitəsilə təqdim olunub.
İştirakçılar əvvəlcə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fotomüxbiri İlqar Cəfərovun paralimpiyaçılarımızın uğurlarından bəhs edən fotolarından ibarət stendə baxıblar.
Tədbirdə "Yenilməzlər”in loqosu təqdim olunub. İlk baxışdan sadə görünən loqo özündə paralimpiya ruhunu əks etdirir. Loqonun mərkəzində yüksələn məşəl qalibiyyəti və qələbə ruhunu təcəssüm etdirir. Alovun dilləri Azərbaycan bayrağının rənglərinə boyanıb. Aşağı hissədə isə Beynəlxalq Paralimpiya Komitəsinin "Hərəkətdə olan ruh” simvolu yer alıb. Loqoda uğuru və dinamik həyatı özündə əks etdirən ürək formasında həyat rəmzi də yer alıb.
Tədbirdə fiziki məhdudiyyətlərə baxmayaraq, uğur qazanan tanınmış şəxslər həyat hekayələrini tamaşaçılarla bölüşüblər.
"Yenilməzlərin” ilk qonaqları fiziki məhdudiyyətlər qarşısında yenilməyən, çətinlikləri aşaraq həm idmanda, həm də ictimai həyatda böyük uğurlar qazanaraq dünya səviyyəsində çox nüfuzlu insanlara çevrilməyi bacaran Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının fəxri cəngavər-bakalavrı, Beynəlxalq Paralimpiya Komitəsinin ikinci prezidenti Ser Filip Kreyven və Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entoni Seynsburi olub.
Ser Filip Kreyven 16 yaşında olarkən dağa dırmanma zamanı baş verən bədbəxt hadisə nəticəsində onurğa sütunu zədələnib. Həmin vaxtdan bəri o, əlil arabasından istifadə etməyə məcbur olub. Lakin keçirdiyi qəza və ondan sonra yaranan fiziki məhdudiyyət Filipin iradəsini sındıra bilməyib. O, idmandan nəinki uzaqlaşmayıb, əksinə, bütün dünyada əlil idmanının və paralimpiya hərəkatının inkişafına mühüm töhfələr verib. O məmnunluqla qeyd edib ki, Azərbaycanda paralimpiya hərəkatının inkişafına dövlət tərəfindən böyük diqqət göstərilir. Məhz bunun nəticəsidir ki, azərbaycanlı paralimpiyaçılar beynəlxalq arenada uğurla çıxış edirlər. İdmançılar əldə etdikləri nailiyyətlərlə paralimpiya hərəkatının inkişafına da mühüm töhfələr verirlər.
Eyni sözləri onun tərəf müqabili və Azərbaycan idmanının dostu Entoni Seynsburi haqqında da demək olar. Azərbaycan Milli Paralimpiya Komitəsinin beynəlxalq əlaqələrinin qurulmasında və təbliğində onun xüsusi xidmətləri var. Mütəxəssis hazırda bu missiyanı davam etdirir. O, Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə dövlətimizin başçısının 2016-cı il fevralın 2-də imzaladığı Sərəncama əsasən, ölkəmizdə paralimpiya hərəkatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.
Entoni Seynsburi dünyada paralimpiya hərəkatının geniş vüsət aldığını, əlil insanların idman vasitəsilə cəmiyyətə inteqrasiyasının vacibliyini qeyd edib.
Tədbirin digər maraqlı qonağı isə BMT-nin Pakistanda qadınlar üzrə xoşməramlı səfiri xanım Muniba Mazari olub. Pakistanın "dəmir ledisi” kimi tanınan Muniba keçirdiyi qəza nəticəsində əlil arabasından istifadə etməyə məcbur olub. Fiziki məhdudiyyətlərini və digər stiqmaları dəf edən Muniba Mazari dünyanın nüfuzlu qadınlarından birinə çevrilib. O, BBC tərəfindən dünyanın 100 güclü qadını, "Forbes” jurnalı tərəfindən isə dünyada 30 yaşından cavan olan 30 nüfuzlu insandan siyahısında yer alıb.
Muniba Mazari fiziki imkanları məhdud şəxsləri, xüsusilə də qadınları daha güclü olmağa çağırıb. Bildirib ki, əlilliyi olan insanlar cəmiyyətdən təcrid edilməməlidirlər. Onlar özlərinə inanmalı, sahib olduqlarını və əldə etdiklərini digərlərinə ötürməlidirlər.
Adı hər bir Azərbaycan vətəndaşına yaxından tanış olan ikiqat paralimpiya çempionumuz İlham Zəkiyev də tədbirdə yer alan əsas qonaqlardan biri olub. Onun hərbi xidmət zamanı düşmən gülləsinə tuş gəlməsi nəticəsində görmə qabiliyyətini itirməsinə baxmayaraq, həyatda böyük uğurlara nail olması bədii şəkildə səhnələşdirilib. İlham Zəkiyev özü ilə bağlı səhnələşdirilən tamaşada yer alıb.
Dünya cüdosunun tanınmış simalarından olan paralimpiya çempionu Oleq Kretsul da İlham Zəkiyev ilə eyni səhnəni bölüşüb. Oleq Kretsulun bu tədbirdə yer alması təsadüfi deyil. Keçirdiyi avtomobil qəzasından sonra görmə qabiliyyətini itirən Oleq Kretsulun idman karyerası da iki hissəyə ayrılır. 1997-ci ildə keçirdiyi qəzaya qədər cüdo ilə məşğul olan Oleq beynəlxalq arenada çox ciddi uğurlara imza atıb. Qəza və görmə qabiliyyətinin itməsi onu məğlub edə bilməyib və Oleq Kretsul bu dəfə paracüdo idmanında uğurlar qazanıb və paralimpiya çempionluğuna qədər yüksələ bilib.
Tədbirdə ölkəmizdə jestika ilə ilk "vine” çəkən Mahmud Səfərov "Mahmudun dünyası” tamaşasını təqdim edib. Onun çıxışı fiziki məhdudiyyətinə baxmayaraq, uğur qazanan insanlara həsr olunub.
BP-nin Azərbaycanda əlaqələr üzrə meneceri Tamam Bayatlı şirkətin fəaliyyət göstərdiyi ölkələrdə korporativ sosial məsuliyyət dəyərlərinə böyü önəm verdiyini vurğulayıb. Bildirib ki, BP Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin tərəfdaşıdır.
Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov çıxış edərək deyib: "Xoşbəxtlik əllərdə və ayaqlarda deyil. Əsas odur ki, insanın həyat sevgisi tükənməsin. Çünki məhz sevgi insanları həyata bağlayan və ona uğur qazandıran məfhumdur”.
Tədbirin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və digər iştirakçılar üzərində "Yenilməzlər”in loqosunun həkk olunduğu tablonu xüsusi zərlərlə rəngləyiblər.
Şərhlər