Ekonomiks 13:13 12.09.2018

Ölkə üzrə pambıq yığımına 403 kombayn cəlb olunub

Ölkəmizdə bu il 136 min hektarda becərilmiş pambığın yığımına başlanılıb. Tarlaların 70 faizi maşınlar vasitəsilə yığılacaq. Bütün rayonlarda pambıqyığan kombaynlar, həmçinin traktor və qoşqular hazır vəziyyətə gətirilib, ehtiyat hissələri, yuyucu və yağlayıcı maddələrlə təmin olunub. Kombaynları idarə etmək üçün mexanizatorlara təlimlər keçilərək sertifikatlar verilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində "Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov bildirib. İ.İsmayılov qeyd edib ki, ölkə üzrə pambıq yığımına 403 kombayn cəlb olunub. Pambığı daşımaq üçün "Aqrolizinq” ASC-də kifayət qədər traktor və qoşqu hazırlanıb. Gəncə Avtomobil Zavodu tərəfindən yığılmış 400-ə yaxın traktor, həmçinin 700-ə yaxın qoşqu "Aqrolizinq” ASC-nin rayon bölmələrinin istifadəsinə verilib.

Ölkədə kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi üçün kifayət qədər maddi-texniki baza yaradıldığını deyən İsrafil İsmayılov bildirib ki, "Aqrolizinq” ASC fəaliyyətdə olduğu 14 il ərzində ölkəyə 43 mindən çox kənd təsərrüfatı texnikası gətirilərək, lizinq yolu ilə vətəndaşlara, təşkilatlara verilib. Ötən il isə ölkəyə 12 mindən çox kənd təsərrüfatı texnikası gətirilib ki, bunun da 65 faizə qədəri pambıqçılıqda istifadə olunan texnikalardır.

"Bu il dövlət büdcəsi tərəfindən ayrılmış 160 milyon manat vəsaitlə ölkəyə 6 mindən çox kənd təsərrüfatı texnikası gətirilib. Ötən illərdə 303 ədəd, bu il isə daha 100 ədəd pambıqyığan kombayn gətirilərək, lizinq yolu ilə məhsul istehsalçılarına verilib”, - deyə şöbə müdiri əlavə edib.