Siyasət 12:20 26.03.2013

Ölüm hökmü qayıdır? (AÇIQLAMA)

Deputatın təklifi etirazla qarşılandı

İqbal Ağazadə : “Cəzanın sərt olması cinayəti azaltmır”

Aydın Mirzəzadə: “Ölüm hökmü kimi verilən ömürlük həbs ən ağır cəzadır”

Millət vəkili Fazil Mustafa ölüm hökmünü gündəmə gətirib. Deputat bu məsələni Cəlilabadda baş verən dəhşətli qətl hadisəsinə münasibət bildirərkən qaldırıb. 

F.Mustafa bildirib ki, Cəlilabaddakı qətl hadisəsini törədən şəxsə ömürlük həbs cəzasının verilməsi düzgün deyil: “Cəlilabadda Quliyev soyadlı bir cani qohumu olan bir qadını və iki körpə uşağını öldürüb, izi itirmək üçün evlərini yandırıb. Bu vəhşiyə ömürlük həbsmi veriləcək? Milli Məclisdə qəti şəkildə qaldıracağam ki, azyaşlı uşaqların qəsdən öldürülməsi, zorlanması, narkotikə cəlb olunması üçün mütləq ölüm hökmü barədə məsələ cəmiyyətin müzakirəsinə çıxarılsın. O iki körpə uşağın qətlinin heç bir bəraətverici izahı ola bilməz. Azyaşlı məsum uşaqların vəhşicəsinə qətlinə qarşı hər bir duyarlı vətəndaş ciddi etiraz səsini ucaltmalıdır”.

Xatırladaq ki, martın 23-də Cəlilabad şəhər sakini Musa Quliyev aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qohumu Nahidə Quliyevanı və onun azyaşlı uşaqları Mədinə və Nurayı çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb, daha sonra isə cinayətin izini itirmək məqsədilə onların yaşadığı evi yandırıb.

Fazil Mustafanın bu çıxışı ictimaiyyət tərəfindən etirazla qarşılanıb.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Qaynar.info-ya açıqlamasında deyib ki, cəzanın sərt olması heç də cinayətin azalmasına gətirib çıxarmır: “Ona görə də maarifləndirmə işi həyata keçirilməlidir, psixoloji mərkəzlər fəaliyyət göstərməlidir.  Ailə qurarkən və ya münasibətdə olarkən insanların hansı seçimi etməsi ilə bağlı kifayət qədər bilgilər alması kimi məsələlərə daha çox yer verilməlidir, nəinki cəza sərtləşdirilməlidir. Azərbaycan Avropa Şurasına üzv olarkən üzərinə öhdəlik götürüb. Dünyanın əksər yerlərində ölüm hökmü ləğv edilir. Ona görə də hökmün yenidən bərpa edilməsini güman etmirəm”.

YAP-çı deputat Aydın Mirzəzadə də həmkarının fikirləri ilə razılaşmayıb. A.Mirzəzadə deyib ki, bəşəriyyət iki əsrə yaxındır ki, ölüm hökmündən imtina edib: “Azərbaycan da 1998-ci ildə Heydər Əliyevin sərəncamı ilə bu hökmdən imtina edildi. Ölkəmiz bu hökmdən imtina edən ilk müsəlman ölkəsi oldu. Ötən dövr göstərdi ki, biz seçimimizi düzgün etmişik. Ara-sıra baş verən tükürpədici dəhşətli cinayətlərə baxmayaraq, cəmiyyət ölüm hökmündən imtina prinsipində qalmalıdır. Birincisi, biz insan həyatını qoruma prinsipini əsas götürməliyik. Hesab edirəm ki, ölüm hökmü kimi verilən ömürlük həbs ən ağır cəzadır. Biri var, bir anda həyatından məhrum olan, biri də var, bütün ömrünü dörd divar arasında psixoloji gərginlikdə yaşayan. Belə bir hadisəni göz önünə gətirən potensial cinayətkar belə ömürlük həbsin ən ağır cəza olacağını bilir.

İkincisi, məhkəmə prosesində bəzən yanlışlıqlar olur. Bu yanlışlıqlara görə kimlərsə ölüm hökmünə məhkum ediliblər. Müəyyən müddət keçdikdən sonra burada məhkəmənin səhvi olduğu üzə çıxır. Belə olan halda onun ruhunun, ailəsinin qarşısında cavab vermək olmur. Kimsə zəmanət verə bilməz ki, məhkəmdə səhvlər olmasın. Hesab edirəm ki, ölüm hökmündən imtina cəmiyyətin ən yüksək inkişaf səviyyəsidir. Biz o inkişaf səviyyəsindən yenidən aşağı mərhələyə enə bilmərik”.

Millət vəkili vurğulayıb ki, 15 ildir ki, ölüm hökmünün ləğvi qərarının düzgünlüyü cəmiyyət tərəfindən qəbul edilib.

Hüquqşünas Adil İsmayılov da ölüm hökmünün bərpasını mümkün saymır: “Bu məsələ bəzən millət vəkilləri tərəfindən gündəmə gətirilir. Hesab edirəm ki, ölüm hökmünün bərpa edilməsinə ehtiyac yoxdur”.

İlkin
Qaynar.info