Şahin Cəfərli
Siyasət 15:43 06.01.2019

Maduronun payızı?

10 yanvar 2019-cu il Venesuela üçün önəmli tarixdir. 2018-ci ilin mayında keçirilmiş prezident seçkilərində guya 68% səslə qalib gəlmiş Nikolas Maduro həmin gün and içəcək. (Seçkidən 8 ay sonra.)

Andiçmə öncəsi gərginliyin artması müşahidə olunur. Müxalifətin çoxluqda olduğu parlament dünən keçirdiyi toplantıda Maduronun legitimliyini tanımadı. Parlamentin sədri Xuan Guaydo ölkə və beynəlxalq ictimaiyyəti, eləcə də Venesuela ordusunu səyləri birləşdirməyə və Maduronun hakimiyyəti uzurpasiya etməsini əngəlləməyə çağırdı.

Hazırkı mərhələni əvvəlkindən fərqləndirən əsas amil budur ki, Maduro indiyədək xalq tərəfindən seçilmiş qanuni prezident idi. Son seçkinin necə keçirildiyini təsəvvür etmək üçünsə ətraflı informasiyalara ehtiyac yoxdur, aydındır ki, xalq gedib ölkəni aclıq və səfalətə məhkum etmiş bir adama səs verməz. Yəni hazırkı mərhələdə Maduronun hansı yolla olursa olsun devrilməsi və yeganə legitim orqan kimi parlament tərəfindən müvəqqəti hökumətin yaradılması qanuni sayılacaq. Bunu "Lima qrupu" xarici işlər nazirlərinin yanvarın 4-də Peruda keçirilən toplantısı da təsdiqləyir.

"Lima qrupu" 2017-ci ildə yaradılıb və Venesuela, Boliviya, Ekvador istisna olmaqla, bütün Cənubi Amerika ölkələrini və Kanadanı birləşdirir. 2012-ci ildə Paraqvay prezidenti Fernando Luqonun impiçmenti ilə başlayan proses nəticəsində qitənin sol hökumətləri domino daşı kimi bir-bir yıxıldı. Hazırda Maduro faktiki olaraq təklənib və Venesuela ilə həmsərhəd hər 3 ölkənin (Braziliya, Kolumbiya və Qayana) onun hakimiyyətini tanımaması bu latınamerikan avtokratının vəziyyətini xeyli çətinləşdirir. Yeganə nəfəslik dənizdir. Cənubi Amerikanın ən böyük və ən güclü ölkəsi Braziliyada aşırı sağçı prezident Jair Bolsonaronun yanvardan fəaliyyətə başlaması Maduro üçün əlavə başağrısı olacaq. Gözlənilir ki, solun qatı düşməni olan Bolsonaro regionda anti-Maduro hərəkatına liderlik edəcək.

Qayıdaq "Lima qrupu"nun qərarına. Qrupa daxil olan dövlətlər Maduronu tanımadıqlarını bəyan edərək yeni seçkilərin təyin olunmasını və həmin vaxta qədər hakimiyyətin parlamentə keçməli olduğunu bildirdilər. Rejim mənsublarına və onlara bağlı hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq olunacaq.

Maduro hələlik Rusiya və Çinin dəstəyi sayəsində ayaqda qala bilir. (Ərdoğan da ona siyasi dəstək verir.) Lakin ölkə iflas edib. Neftin qiymətindən əlavə, hasilat da kəskin şəkildə azalıb. Rejim təcrid şəraitindədir. Bu vəziyyətin davam etdirilməsi imkansız görünür. Karakasdan Buenos-Ayresə qədər olan zonada sağın tam hegemonluğu uzaqda deyil.

Şahin Cəfərli