Dünya 17:13 21.09.2018

Makron: "Avropa İttifaqı təhlükədədir"

Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqının təhlükədə olduğunu və ciddi dəyişikliyə ehtiyacı olduğunu açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Makron Avstriyanın Zalsburq şəhərində Aİ liderlərinin qeyri-rəsmi iclasında çıxış edərək bəzi məsələlərə toxunub. O, təhlükəsizlik məsələsi barədə danışaraq terror təbliğatı aparan informasiyaların qadağan edilməsinin əhəmiyyətini vurğulayıb. Fransa prezidenti çıxışında Böyük Britaniyanın Aİ-ni tərk etmə prosesi olan "Brexit"ə də toxunub və İngiltərənin təkliflərinin qəbuledilməz olduğunu deyib. Makron həmçinin Aİ-nin son illərdə üzləşdiyi miqrant problemi barədə də fikirlər səsləndirib və İtaliyanın miqrant probleminin həllində göstərdiyi mövqeni tənqid edib.

Emmanuel Makronun səsləndirdiyi fikirlər arasında ən diqqət çəkəni Aİ-nin iqtisadi vəziyyəti ilə bağlı mənfi fikirlər olub. O, son 10 ildə iqtisadi böhranla üz-üzə olan təşkilatın iqtisadi və qeyri-iqtisadi sahələrdə ciddi islahatlara ehtiyacı olduğunu vurğulayıb.

Gülşən