Dünya 16:55 09.12.2018

Makron istefaya getsə, nə baş verəcək?

Fransada "sarı jiletlilər" aksiyası davam edir.

Qaynarinfo xəbər verir ki, yanacaq vergisinə tətbiq edilən qiymət artımına etiraz edən qrup iqtisadi islahatlar və prezident Emmanuel Makronun istefasını tələb edir. Makronun istefa ehtimalı zəif qiymətləndirilir. Bəs Fransa prezidenti vəzifəsindən vaxtından əvvəl getsə, nə baş verəcək?

Makron istefa versə, onun vəzifəsini Senat sədri Jerar Laxşe müvəqqəti olaraq icra edəcək. Konstitusiyanın 7-ci maddəsinə görə, istefadan sonra 20-35 gün ərzində yeni seçkilər keçirilməlidir. Fransada Milli Məclis Senatdan daha çox hüquqlara sahib olsa da, prezident səlahiyyətlərini icra edə bilmir. Ölkədə müvəqqəti prezidentin bu vəzifənin bütün səlahiyyətlərindən istifadə etmək hüququ yoxdur. Müvəqqəti rəhbərlik dövründə referendumla Konstitusiyaya dəyişiklik etmək, məclisin buraxılması qeyri-mümkündür. 

V Respublika dövründə Fransada sadəcə 1 dəfə prezident istefası reallaşıb. 1969-cu ildə Fransa Senatının vəzifələrini azaldıb, bölgə məclislərinin səlahiyyətlərini referendumla artırmağa çalışan prezident Şarl de Qol istəyinə nail ola bilməmiş və istefa vermişdi. Vəzifəsini vaxtından əvvəl tərk edən digər prezident isə Jorj Pompidudur. O, 1974-cü ildə xərçəngdən vəfat edib. Hər iki dövrdə Senat sədri Alain Poher müvəqqəti prezident vəzifəsini icra edib. 

Qeyd edək ki, Emmanuel Makronun növbəti günlərdə "sarı jiletlilər"dən üzr istəməsi və vergi endirimi etməsi gözlənilir.

Gülşən
  
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!