Foto 09:15 06.09.2020

Mal hazırdır, qərar yox: uşaqlara məktəbə rəngarəng geyinməyə izn verəcəklərmi? (FOTOLAR)

Məktəblilər üçün yeni geyim formaları hazırlanıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov məlumat verib. O bildirib ki, yeni geyim formaları Təhsil Nazirliyinin təqdim etdiyi nümunələr əsasında hazırlanıb. Amma koronavirus pandemiyası olduğundan nazirliyə təqdim olunmayıb.

E.Əzimovun sözlərinə görə, bu layihədə həm yay, həmçinin də qış geyim formaları yer alıb: "Biz onların hər ikisini hazırlamışıq. Yay geyim formaları qısaqol köynək və ətəkdən ibarətdir. Qış geyim formasında isə uzunqol köynək, ətək və cibli, zəncirbəndli jaket yer alıb. Bizim hazırladığımız geyim formalarında rənglər müxtəlifdir. Çalışmışıq ki, geyimlərin, formaların rəngləri verilən tələbə və məktəblilərin zövqünə uyğun olsun. Hələ ki geyim nümunələri nə nazirliyə, nə də ki valideynlərə təqdim olunub. Çünki ortaya pandemiya düşdü. Yəqin ki, bu məsələ tədris ili başlayandan sonra yenidən müzakirə olunacaq".

E.Əzimov deyir ki, bir neçə müəssisənin hazırladığı geyim formaları müzakirəyə çıxarıldıqdan sonra təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə müəyyən ediləcək: "Bu hələ o demək deyil ki, bizim hazırladığımız geyim formalarını məktəblərdə şagirdlər geyinəcəklər. Son qərarı pedaqoji şuralar verəcək. Amma biz bu məsələdə ixtisaslaşmışıq. Hazırda da məktəblər bizim hazırladığımız geyimlərdən istifadə edirlər".

Qeyd edək ki, artıq bu ildən 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəyin öyrənilməsinə başlanılmışdı. Layihəyə görə, qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.

Geyim formaları elementlərinin aşağıdakı rənglərdə hazırlanması nəzərdə tutulur:

- Ətək və şalvar - qara, tünd-qəhvəyi, tünd-boz, tünd-göy və qəhvəyi-yaşıl;

- Köynək - ağ, dəri, mavi, açıq-yaşıl və açıq-sarı;

- Jaket - tünd-boz, qəhvəyi, tünd-göy, tünd-yaşıl və açıq-gəhvəyi.

Geyim formasının rəngi ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə müəyyən ediləcək. Ümumi təhsil müəssisəsində yalnız bir geyim forması tətbiq edilə bilər. Dövlət ümumi təhsil müəssisələrinin şagirdləri məktəbdə və təntənəli məktəb tədbirlərində (məktəbdən kənarda olsalar belə) müəyyən edilmiş geyim formasını geyinməlidirlər. Layihə ilə bağlı rəy və təkliflər "Məktəbli forması" yazılmaqla [email protected] elektron poçtuna göndərilir. Təhsil Nazirliyi valideynləri, şagirdləri, müəllimləri, müxtəlif ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış məktəbli formasının layihəsinə dair rəy, irad və təkliflərin göndərilməsində fəal olmağa dəvət edib.

Xatırladaq ki, "Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi"ndə hər bir məktəbdə vahid məktəbli geyiminin olması əks olunub. Ancaq hansı məktəbli formasının olmasının pedaqoji şuranın valideynlərlə, valideyn komitəsi ilə məsləhətləşmə əsasında müəyyən edilməsi nəzərdə tutulub. Hətta bu ilin fevral ayında Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqinə dair müzakirələr keçirilib. Həmin müzakirədə istehsalçı şirkətlərin mütəxəssisləri və KİV nümayəndələri iştirak ediblər. Görüşdə məktəbli formasının tətbiqi mövzusunun ictimai müzakirəsinin vacibliyi bildirilib. Təhsil Nazirliyi tərəfindən bu məsələyə ciddi yanaşıldığı, məktəbli formasının tətbiqi ilə bağlı nazirlik tərəfindən geniş müzakirələr aparıldığı qeyd edilib.

Bakı Tekstil Fabrikinin diektoru Səkinə Babayeva isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni kimi ictimaiyyətə təqdim olunan məktəbli geyimləri neçə illərdir ki, BTF tərəfindən hazırlanır və məktəblilər həmin formaları geyinirlər:

"Bizim müəssisə tərəfindən istehsal olunan qısaqol köynəklər, eləcə də yeni dizaynda hazırlanmış geyimlər, cibli jaketlər illərdir ki, Bakı, Abşeron və Sumqayıtın bir sıra məktəblərində tətbiq olunur. Bu formaları cəmiyyətə yeni kimi təqdim etmək düzgün deyil. Biz həmin formaları hansı illərdə hansı məktəblərdə məktəblilərin geyindiyini sübut edən şəkilləri də ictimaiyyətə təqdim edə bilərik.

Düşünürəm ki, məktəbli formalarının istehsalını bir tikiş evinə həvalə etmək düzgün deyil. Ölkəmizdə çoxlu sayda tikiş müəssisələri var. Onların çoxu müasir formada və şagirdlərin zövqünü oxşayan forma hazırlamaq iqtidarındadır. Sadəcə bu sahədə monopoliyanı aradan qaldırmaq, məktəblərə seçimdə sərbəstlik vermək lazımdır ki, onlar həm qiymətdə, həmçinin də keyfiyyətdə daha üstün olan tikiş müəssisəsinin istehsal etdiyi formalardan istifadə etsinlər".