Ekonomiks 12:45 05.09.2015

Manat yenə ucuzlaşacaq - Bədbin proqnoz

ABŞ Mərkəzi Bankı (FED) rəsmilərinin 16-17 sentyabr toplantısında çətin bir qərar verməsi gözlənilir. Faiz dərəcələrinin artırılacağı müzakirə mövzusudur. 24-31 avqust tarixlərində “Bloomberg News”un sorğusuna qatılan 54 iqtisadçının 48 faizi faiz dərəcəsinin sentyabr ayında artırılacağını gözləyir. 

7-12 avqust tarixləri arasında keçirilən sorğuda bu nisbət 77 faiz səviyyəsində idi. Ancaq son sorğudakı səviyyə yenə də ilk faiz artımına dekabr ayında başlanılacağı proqnozunda olanlardan (24 %) iki dəfə çoxdur. İqtisadçıların 17 %-i isə faiz artımının oktyabrda olacağını bildirib.

Sentyabr ayında dəyişiklik olacağını deyənlər ABŞ iqtisadiyyatının qlobal bazarlarındakı dalğalanmanın öhdəsindən gələcək gücə malik olduğunu düşünürlər. Dekabr ayını nəzərdə tutanlar isə inflyasiya faizlərinin aşağı olması səbəbindən pul siyasətini sərtləşdirməyə tələsməyə ehtiyac olmadığını bildirir.

Əksər ekspertlər bildirirlər ki, neftin ucuzlaşması ilə yanaşı, Azərbaycan manatına qarşı daha bir təzyiq ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcələri ilə bağlı çıxaracağı qərar ola bilər. Ötən ilin aprel ayından etibarən FED uçot dərəcələrinin artırılması üçün bir neçə toplantı çağırsa da, bu məsələ hər dəfə ertələnib. İndi bütün birjaların diqqəti ABŞ Mərkəzi Bankının sentyabr ayında keçirəcəyi toplantıdadır. Proqnozlara görə, bu ay FED faiz dərəcələrini 1 faiz bəndində qaldıracaq (hazırda 0,62 faizdir. Uçot dərəcələri artarsa, 1,62 faiz olacaq).

Dünya birjaları, beynəlxalq təşkilatların nədən bütün diqqəti FED-in qərarına yönəlib? Dollara, dünya bazarına, milli valyutalara, xüsusilə manata hansı təsirləri ola bilər? Ekspertlər məsələ ətrafında fikirlərini musavat.com-a bölüşüblər. 


Ekspert Əkrəm Həsənovun sözlərinə görə, FED faiz dərəcəsini artırsa, məntiqlə dollar hər yerdə bahalaşmalıdır: “Ona görə ki, bu halda dollarla sərmayə etmək daha gəlirli olacaq, çünki faiz dərəcəsi artır. Buna görə də dollar uğrunda rəqabət artacaq, ona dünyada tələbat artacaq. Deməli, dolların dəyəri də artacaq. Sentyabrda FED-in belə qərarı gözlənilir. Amma bu, o demək deyil ki, avtomatik olaraq bütün ölkələrdə dollar bahalaşacaq. Bəziləri müəyyən subyektiv səbəblərdən milli valyutalarını ucuzlaşdırmaya bilər. Məsələn, Azərbaycan. Parlament seçkiləri ərəfəsi bizdə devalvasiya olacağını gözləmirəm. Böyük ehtimalla, valyuta ehtiyatlarının xərclənməsi hesabına manat ucuzlasmayacaq hələlik. Amma təbii, valyuta ehtiyatları sonsuz deyil. Nəticədə bir neçə aya devalvasiya onsuz da olacaq”.


Ekspert Qubad İbadoğlunun sözlərinə görə isə böyük ehtimalla, Açıq Bazar Əməliyyatları üzrə Federal Komitənin sentyabrın 16-17-də gözlənilən növbəti toplantısında bununla bağlı qərar qəbul olmayacaq: “Çox güman ki, FED faiz dərəcələrinin artırılması qərarını ya bu ilin sonunda və ya da gələn ilin əvvəlində verəcək. Əgər qərarın qəbulu bu ilə təsadüf edərsə, onun ABFK-nin dekabrın 15-16-na təyin olunan toplantısında veriləcəyi gözlənilir. Həmin tarixə qədər ABFK-in 2 toplantısı olsa da, ABŞ iqtisadiyyatında pozitiv meyllərin müşahidə olunması, xüsusilə də mövcud və yeni iş yerlərindən istifadə səviyyəsinin yüksəlməsi hesabına işsizliyin azalması, enerji daşıyıcılarının qiymətinin ucuzlaşmasına görə inflyasiyanın sabitləşməsi bu qərarın müəyyən müddətə qədər ləngidilməsinə əsaslar yarada bilər. ABŞ iqtisadçıları belə bir qərarın dünya iqtisadiyyatına, xüsusilə də inkişaf etməkdə olan Çin kimi nəhəng ölkələrin bazarlarına təsirlərinin fəsadlarını da geniş müzakirə edirlər. Hesab edirəm ki, bu amil ABFK-nin məlum qərarı növbəti iclaslarda təxirə salmaq üçün mövcud olan arqumentlərin gücünü artırır. Belə ki, federal uçot dərəcəsinin artımı dolların möhkəmlənməsi üçü potensial imkan yaradır. Çünki, bu qərar buxovlayıcı xarakter daşımaqla pul kütləsinin məhdudlaşmasına, faiz dərəcələrinin yüksəlməsinə xidmət edir. Beləliklə də yüksək faiz dərəcələri dolların digər valyutalara nəzərən möhkəmlənməsini və son nəticədə də dollarla ödənilən əmtəələrin qiymətlərinin ucuzlaşmasını şərtləndirir. Belə olan halda da dollarla əməliyyat aparanlar, əsasən ABŞ şirkətləri və istehlakçıları hər xərclənən 1 dollara görə daha çox əmtəə ala bilirlər. Deməli, belə olan halda ABŞ-ın federal uçot dərəcəsinin artımı tədiyyə balansında yüksək kəsirə malik ölkələrin iqtisadiyyatına zərbə vurur. Belə bir qərarın bizə birbaşa təsirləri tədiyyə balansında böyük kəsiri olan ölkələrin iqtisadiyyatına olacaq”.

Ekspertin sözlərinə görə, Mərkəzi Bankın açıqladığı informasiyaya görə, 2015-cü ilin 1-ci rübünün sonuna Azərbaycanın cari əməliyyatlar hesabında 58 milyon dollar məbləğində profisit yaranıb: “Halbuki, həmin göstərici 2012-ci ilin eyni dövründə 4 milyard 643 milyon, 2013-cü ildə 4 milyard 193 milyon, 2014-cü ildə 3 milyard 333 milyon dollar olub. Göründüyü kimi, tədiyyə balansının cari hesabının profisitinin sürətlə azalır, son göstəricinin bu ilin aprel ayında cəmisi 58 milyon dollar olduğunu və azalma tempinin sürətlə getdiyini nəzərə alsaq, hazırda bu göstəricinin pozitiv olması da şübhə doğurur. Tədiyyə balansının kəsirinin yaranması və artması tendensiya qərarlaşacağı halda bu qərar Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Deməli, çox şey dünya bazarında neftin qiymətlərindən, məhsul və xidmətlərin ticarətinin müsbət saldosunun səviyyəsindən asılı olacaq. Bu qərarın konkret olaraq Azərbaycan manatına mənfi təsirində xarici ticarət və büdcə saldosu əhəmiyyətli rol oynayacaq. Odur ki, indidən Azərbaycan iqtisadiyyatını və bazar iştirakçılarını bu qərarın mümkün mənfi təsirlərinə hazırlamaq lazımdır”.


Ekspert Pərviz Heydərov isə deyib ki, FED-in baza faiz dərəcəsini yüksəldəcəyi o qədər də gözlənilmir: “Düzdür, ABŞ iqtisadiyyatında artım gözlənildiyindən də yaxşı səviyyədə davam edir. Belə ki, bu ilin II rübündə ölkədə ümumi daxili məhsul üzrə illik artım 3 faizdən çox təşkil edib. Odur ki, bu fonda FES-in sentyabrda baza faiz dərəcəsini yüksəltmək haqda qərar verib, verməyəcəyi həqiqətən ciddi maraq doğurur. Çünki FED-in əlində indi bunun üçün 2008-ci ildəki qlobal maliyyə və iqtisadi böhrandan sonra ən əlverişli əsas və şərait yaranıb.

Ancaq məsələ bundadır ki, baza faiz dərəcəsinin 0,01 faiz də olsa belə yüksəlişi haqda qərar qəbul edilərsə, bu, dünya iqtisadiyyatı üçün fəlakət demək olacaq. Amma ortada Çin amili məsələsi var. Belə ki, Çinin yuanını devalvasiya etməsindən sonra FES çətin ki, baza faiz dərəcəsini artırsın. İkincisi də ki, FED-in baza faiz dərəcəsinə dair siyasəti ilə Azərbaycanın milli valyutası arasında heç bir əlaqə yoxdur. Lakin bayaq da qeyd etdik ki, baza faiz dərəcəsinin 0,01 faiz də olsa belə yüksəlişi dünya iqtisadiyyatı üçün fəlakət deməkdir. Belə ki, dollar daha da möhkəmlənəcək və buna əsasən də dünyanın bütün digər aparıcı valyutaları dəyərdən düşəcək. Təbii ki, qeyd olunan fonda manatın dəyərinin saxlanması xərcləri də bir az da artacaq".

Qaynar.info