Texnologiya 10:28 22.03.2018

Mark Zükerberq üzr istədi: "Facebook" bu şəxslərə mükafat verəcək

"Facebook" sosial şəbəkəsinin qurucusu Mark Zükerberq 50 milyon istifadəçinin şəxsi məlumatlarının icazəsiz toplanıb istifadə edilməsi barədə açıqlama verib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, İngiltərənin "Cambridge Analytica" adlı informasiya analiz şirkətinin 50 milyon "Facebook" istifadəçisinin məlumatlarını toplayaraq ABŞ və İngiltərədəki vacib seçkilərə təsir göstərdiyi iddia olunur. 2013-cü ildə Kembric Universitetinin tədqiqat işçilərindən olan Aleksandr Koqan "Facebook"da istifadə edilən tətbiqetmə hazırlayıb. 300 min nəfər tərəfindən yüklənən bu tətbiqetmə istifadəçi və onların dostlarının şəxsi informasiyalarını toplayıb. Koqan bu məlumatları 2015-ci ildə "Cambridge Analytica" ilə paylaşıb. 

Məsələ ilə bağlı danışan Zükerberq üzr istəyib:
"Sizin məlumatlarınızı qorumaq məsuliyyətimiz var. Bunu edə bilmiriksə, sizə xidmət göstərməyə layiq deyilik. Nə baş verdiyini anlamaq və bunun təkrarlanmamasını təmin etmək üçün çalışırıq. Bu tip hadisələrin baş verməməsi üçün illər əvvəl lazımi işlər görülüb, amma səhv etdik, daha görüləsi işlər var. "Facebook"u mən qurmuşam və burada baş verənlərə görə məsuliyyət daşıyıram".

Şirkətə məlumatları silmək üçün hüquqi tələb göndərilib və istifadəçilərin informasiyaları silinib. 

Bundan sonra "Facebook"la əlaqəli tətbiqetmələrə informasiyalara giriş məhdudiyyəti qoyulacaq və 3 ay ərzində istifadə edilməyən tətbiqetmələr isə heç bir məlumat toplaya bilməyəcək.

Sosial mediadakı tətbiqetmələrdəki yanlışları və qeyri-qanuni məqsədlə istifadə halları barədə məlumat verənlər isə şirkət tərəfindən mükafatlandırılacaq. 

Qeyd edək ki, qalmaqaldan sonra şirkətin dəyərində 2 gün ərzində 9,1% itki müşahidə edilib. Zükerberqin sərvəti isə 74,5 milyard dollardan 67,7 milyarda düşüb.

Gülşən