Ölkə 10:43 05.03.2014

Masallı İcra Hakimiyyətindən şikayət var

Masallı rayon İcra Hakimiyyətində qəbul günləri gələn şikayətçiləri binanın əsas girişindən deyil, arxa qapısından qəbul edirlər. 

Bu barədə JAM.AZ-a rayon sakinləri məlumat veriblər. 

Onların bildirdiyinə görə, İcra Hakimiyyəti tərəfindən belə bir addımın atılmasının dəqiq səbəbi məlum deyil. Sadəcə bilinən odur ki, belə bir təlimat icra başçısı tərəfindən verilib. 

Qeyd edək ki, digər rayonlardan fərqli olaraq yetərli qədər sosial və iqtisadi problemləri olan Masallıda həmişə şikayətçilərin sayı çox olub. Elə ötən günlərdə İcra Hakimiyyətinin qarşısına 100-dən artıq şəxsin yığışması da icra başçısının narahatlığına səbəb olub. JAM.AZ-a verilən məlumata görə, Rafil Hüseynovun belə bir təlimat verməsinin səbəbi onun şikayətçilərin çox olmasından qorxuya düşməsidir. 

Belə ki, Masallının icra başçısı ehtiyat edir ki, çoxlu sayda şikayətçilərin olması onun haqqında yuxarıda mənfi rəy yaradar. Üstəlik, o, ehtiyat edir ki, hansısa jurnalist bu qədər şikayətçinin bir araya gəldiyini fotolentə alar və ardından da ictimailəşdirər. Bu isə onun yuxarılarda gözdən düşməsi ilə yanaşı, həm də işdən çıxarılmasına belə səbəb ola bilər. 

Məlumatda o da deyilir ki, Rafil Hüseynov rayonda üzləşdikləri problemlərdən dolayı şikayətçi düşmüş vətəndaşların məsələlərini həll etmək yerinə, onlara təzyiqlər etdirməyə daha çox üstünlük verir. İcra başçısının bu yolla şikayət edənlərinin sayını azaldacağını düşünür ki, bunun da əks təsirlərinin olacağı istisna deyil. 

Qaynar.info