Xəbər lenti

Mask vədlərini yerinə yetirmədən Trampı tərk etdi
Dünya 11:06 29.05.2025

Mask vədlərini yerinə yetirmədən Trampı tərk etdi

Milyarder və ABŞ hökumətinin Effektivlik Departamentinin (DOGE) rəhbəri İlon Mask prezident Donald Trampın administrasiyasını tərk edir.

Qaynarinfo xəbər verir ki, "X” sosial şəbəkəsində yazan Mask bunları qeyd edib: "Xüsusi dövlət qulluqçusu kimi səlahiyyət müddətim başa çatır. İsrafçı xərcləri azaltmaq imkanı verdiyi üçün prezident Donald Trampa təşəkkür etmək istəyirəm”.

Bundan əvvəl Mask Trampın vergi və büdcə sahəsində irəli sürdüyü "böyük və gözəl” qanun layihəsindən məyus olduğunu demişdi. Onun fikrincə, bu qanun xərcləri azaltmaq səylərini sarsıdır və büdcə kəsirinin artmasına səbəb olacaq.

Tramp prezident vəzifəsinə başladıqdan sonra Mask "xüsusi dövlət qulluqçusu” kimi təyin olunmuşdu. O, ildə 130 gün dövlət üçün işləyə bilərdi. Trampın 20 yanvar 2025-ci ildəki inaqurasiyasından sonra vəzifəyə başlayan Maskın səlahiyyət müddəti may ayının sonunda başa çatır.

Ağ Ev artıq "Tesla” və "SpaceX”in təsisçisinin dövlət vəzifəsindən rəsmi şəkildə azad olunması prosesinə başlayıb.

"Reuters” agentliyi mənbələrə istinadən yazır ki, Mask Trampın administrasiyasını tərk etməzdən əvvəl prezidentlə bu barədə danışmayıb. Agentliyin məlumatına görə, qərar "ən yüksək səviyyədə” qəbul olunub. Mənbə əlavə edib ki, Maskın gedişi "tez və rəsmi mərasim olmadan” baş verib.

Bundan əvvəl Mask DOGE-nin qarşıya qoyulan bütün məqsədlərə nail ola bilməməsində federal bürokratiyanı günahlandırmışdı.

"Federal bürokratiya ilə vəziyyət düşündüyümdən qat-qat pisdir. Problemlərin olduğunu bilirdim, lakin Vaşinqtonda vəziyyəti yaxşılaşdırmaq, yumşaq desək, son dərəcə çətin bir vəzifədir”, – deyə o bildirmişdi.

Mask etiraf edib ki, bütün hədəflərə çatmasa da, on minlərlə insanın dövlət qulluqçuluğundan çıxarılması və bir neçə agentlik və idarənin ləğvi onun fəaliyyətinin nəticələri sırasındadır.

Xatırladaq ki, 2024-cü ilin noyabrında Tramp İlon Maskı yeni yaradılacaq Hökumət Effektivliyi Departamentinin rəhbəri təyin edəcəyini açıqlamışdı.

2025-ci il yanvarın 20-də Tramp həmin departamentin yaradılması haqqında fərman imzalayıb və Mask onun rəhbərliyinə başlamışdı.

Fevral ayında isə məlum olmuşdu ki, Maskın hakimiyyətdə olması Konqresdəki respublikaçıları getdikcə daha çox narahat edir. Onların fikrincə, milyarderin hakimiyyətdə olmasının da bir həddi olmalıdır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->