Sağlamlıq 12:19 04.03.2020

Maskalar virusdan qoruyurmu? ABŞ-ın baş cərrahının fikrinə münasibət

"Maskalar 20-30 dəqiqədən bir dəyişdirilməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert, professor Adil Qeybulla Birləşmiş Ştatların baş cərrahı Ceromi Adamsın "Maskalar koronavirusun yayılmasını artıra bilər" fikirini şərh edərkən deyib. O, qeyd edib ki, Azərbaycanda insanların əksəriyyəti bir maskanı aylarla cibində gəzdirir:

"Nəmlənmiş maskalar virusu özünə tez hopdurur. Bu, daha təhlükəlidir. Bu baxımdan maskalar 20-30 dəqiqədən bir dəyişdirilməlidir. Təəssüflər olsun ki, insanlar bir maska alır və onu ay ərzində cibində gəzdirir. Bu cibindən çıxarıb o cibinə, o cibindən bu cibinə qoyur. XXI əsr virus əsridir. Əslində viruslar çox olacaq. Onlar hər il mövsüm aylarında yeni formaları ilə özünü göstərəcək. Məsələn, gələn il ola bilsin ki, koronavirus adi mövsümi soyuqdəymə xəstəliyi törətsin. Virus istilər düşdüksə öləcək. Arzu edirəm ki, o müddətə kimi bu prosesdən az itkilərlə çıxaq”.

Aqil Qeybulla Ceromi Adamsın bütün dünyada insanların koronavirusdan çox qripdən öləcəyi fikirinə də münasibət bildirib:

"İnsanlar qripdən öləcək. Yer kürəsində hər il qripdən ölən insanların sayı koronavirusdan bu il ölənlərin sayından çoxdur. Qrip karantin infeksiyası sayılır. XVIII əsrdə qripdən 100 milyon insan ölüb. Bu, həmin dövr üçün dünya əhalisinin 5 %-i deməkdir”.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatların baş cərrahı Ceromi Adams koronavirusun qarşısını almaq üçün maska taxmağa meyilli amerikalılara mesaj verib. "Əslində bu, kömək etmir. Koronavirusun geniş ictimaiyyət arasında yayılmasının qarşısının alınmasında maskaların yardım etdiyi sübut edilməyib. Əslində maska almağa meylli insanlar onlardan düzgün istifadə etməyi də bilmir. Bir tibb işçisi olaraq mən onları sınaqdan keçirməliyəm. Maskaları düzgün taxmağı bilməyən insanlar üzlərinə toxunur və bu, əslində koronavirusun yayılmasını artıra bilər. İstəyirəm ki, amerikalılar təhlükəsiz qalmaq üçün edə biləcəyi şeyləri etsinlər. Əllərinizi 15-20 saniyə ərzində tez-tez yuyun. Asqırdıqda və öskürdükdə ağzınızı əlinizlə bağlayın. Xəstə olduğunuzda evdə qalın və ya insanlardan uzaq durun. Bütün bunlar koronavirusa yoluxmamağın vacib yollarıdır", - deyə, o bildirib.

Bahar Rüstəmli