"Səbail"in danışıqlar apardığı və hazırda Bakıda olan, tanınmış futbolçu Maykl Essyen jurnalistlərin suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edir:

- Maykl Essyeni artıq "Səbail”in oyunçusu saymaq olar?
- Az sonra, klub rəhbərliyi ilə görüşümdən sonra daha dəqiq məlumat ala biləcəksiniz.

- "Səbail” – "Qarabağ” oyununu tribunadan izlədiniz. Azərbaycan çempionatı haqqında nə düşünürsünüz?
- Çox yaxşı oyun keçdi. "Səbail”in məğlub olmasına baxmayaraq, düşünürəm ki, kifayət qədər gərgin matç izlədik. "Qarabağ”ın qələbəsində təcrübə amilinin həlledici olduğunu düşünürəm. 

- Dünyanın bir sıra aparıcı ölkələrində çıxış etmisiniz, Çempionlar Liqasında qalib olmusunuz. Maraqlıdır, "Səbail”in təklifində hansı məqam sizin diqqətinizi çəkdi?
- Dediyiniz faktlar keçmişdə qalıb. Sadəcə, futbol oynamaq istəyirəm. Avropa Liqasının tanıtımı ilə əlaqədar Bakıya gələndə klubun rəhbərliyi ilə görüşdük, mənə gələcək planlarından danışdılar, cəlbedici oldu və özümü yeni çağırış üçün hazır sayıram.

- Əlinizdə olsa, sizinlə birlikdə Bakıya gəlmiş daha hansı veteran futbolçunu Azərbaycan çempionatına gətirmək istərdiniz?
- Bu barədə heç düşünməmişəm. 

- 2017-ci ildə İndoneziya çempionatında oynamısınız. Həmin zamandan sonra sizə hansısa təklif olub?
- Həmin vaxt bir neçə təklif gəlib, əsasən, Avstraliya çempionatından klublar maraqlanırdılar. Amma ora çox uzaq olduğu üçün qəbul etmədim, həm də qısa bir fasilə vermişdim özümə. "Çelsi”də məşqçilik kursları da keçdim bu müddətdə.

- Yaşla əlaqədar sürət probleminiz olmayacaq?
- Həyatımda çox futbol görmüşəm, sizinkindən daha sürətli çempionatlara şahidlik etmişəm, məncə, oynaya bilərəm. 

- Sizin gəlişiniz Azərbaycan futbolu və "Səbail” üçün böyük reklam olacaq. Siz bu barədə nə düşünürsünüz? 
- Mən futbolçuyam, fikrim ancaq meydana çıxıb komandama xeyir verməkdir. Siz dediyiniz nüans barəsində heç vaxt fikirləşməmişəm. 

- Futbolçu kimi əsas tələbiniz nə olub? 
- Heç bir xüsusi tələbim olmayıb. Əsas məqsədim isə budur ki, yanımda oynayan gənclər təcrübələrimdən faydalansınlar. ("Report")